Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin kariyerası ərzində seçicilərindən rekord sayda səs alıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Kommisiyasının məlumatında bildirilib.

Seçki bülletenlərinin 93 faizinin hesablanmasından sonra Vladimir Putinə 49,9 milyon nəfər seçicinin səs verdiyi məlum olub. Belə ki, hazırki prezident Rusiyada prezident seçkilərində rekorda imza ataraq 76,51 faiz səs toplayıb.

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində ona səs verənlərə təşəkkürünü bildirib. "Nəticəyə görə sizə təşəkkürümü bildirirəm. Siz - bizim ümumi komandamızsız. Mən bu komandanın üzvüyəm. Bu gün səs verənlər bizim böyük çoxmillətli komandamızdır", - deyə V. Putin bildirib.

Özünün seçki qərargahında jurnalistlər önünə çıxan Vladimir Putin bır sıra suallara cavab verib. O, hələlik yeni konstitusiya islahatları keçirməyəcəyini söyləyib: "O ki, qaldı hökumətin rəhbəri məsələsinə, deyə bilərəm ki, ümumilikdə hökumət barədə qərar andiçmədən sonra veriləcək. Hələlik, seçkilərin nəticələrini gözləmək lazımdır. Bütün dəyişikliklər andiçmədən sonra elan ediləcək"
Onun sözlərinə görə, prezident seçkilərinin nəticəsi son illər görülən işlərə verilən yüksək qiymətdir.

Bu arada Kommunist Partiyasının Rusiya prezidentliyinə namizədi, Lenin adına sovxozun direktoru Pavel Qrudinin keçirdiyi mətbuat konfransında bildirib ki, hamıya məlumdur ki, Rusiyada prezident seçkiləri ədalətli keçmədi: "Təəssüflər olsun ki, Aleksey Navalnı haqlı idi. Doğurdan da bir adam bir neçə dəfə səs vermiş olub. Belə hallara biz Moskva vilayətində rast gəldik. Aydındır ki, səslərin hesablanması ədalətli aparılmır. Biz özümümüz səsləri sayandan sonra qərar verəcəyik. Bircə şey aydındır. Mənə qarşı bütün bu çirkin kampaniyalara baxmayaraq, biz seçkini layiqincə keçirdik. Bizim proqrama dəstək verən hər kəsə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, prezident seçkilərində qalib gələn namizəd üzünü xalqa tərəf döndərəcək. Xalq dəyişiklik istəyir",-deyə Pavel Qrudinin seçkinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında vurğulayıb.

O, hakimiyyətin və KİV-lərin seçki qanunvericiliyini pozduğunu söyləyib: "Bu, postsovet məkanında keçirilən ən çirkin seçkilər idi. Mən təəssüflənmirəm. Təəssüflənirəm ki, rəqiblərim, seçkini təşkil edən insanlar, hakimiyyət bu seçkidən çirkin siyasi şou düzəltdilər. Gördünüz, debatlar necə keçdi, namizədlər necə seçildi. Bu mənim günahım deyil. Olsa-olsa, bu mənim ağrımdı".

Qeyd edək ki, Vladimir Putin 2000-ci ildə 39,7 milyon (52,9 faiz), 2004-cü ildə 49,6 milyon (71,31), 2012-ci ildə isə 45,6 milyon (63,6 faiz) seçicinin səsini qazanıb.