Nizami rayonunda Novruz bayramı qeyd edilib, təhsil və mədəniyyət ocaqlarında, məktəbəqədər müəssisələrdə bayram münasibətilə tədbirlər keçirilib.

Unikal.org  xəbər verir ki, 19 martda Heydər bağı - park bulvarda Novruz bayramı münasibətilə ümumrayon şənliyi təşkil edilib.

Bayram şənliyində Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov, rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil və səhiyyə ocaqlarının, məktəbəqədər müəssisələrin kollektivləri, həmçinin rayon sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bayram tonqalını alovlandırıb. İcra Hakimiyyətinin başçısı və qonaqlar rayonun təlim-tərbiyə müəssisələrinin hazırladıqları milli folklor nümunələrinə, dekorativ-tətbiqi sənət və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Sərgidə baharın gəlişini, torpağın oyanışını əks etdirən əl işləri, Novruz xonçaları, səmənilər, Novruz bayramının rəmzi olan şirniyyat nümunələri nümayiş etdirilib.

Bayram şənliyi Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam edib.