Rusiyanın "Metrovaqonmaş" şirkəti Azərbaycana "81-765/766" modelində 5 vaqondan ibarət ilk metro qatarını yola salıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə "Metrovaqonmaş" şirkətinin tərkibinə daxil olduğu "Transmaşxoldinq" məlumat yayıb.

Rusiyanın "Metrovaqonmaş" şirkətinin Azərbaycana "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarı satmasını nəzərdə tutan müqavilə 16 fevral 2018-ci ildə imzalanıb.

İkinci qatarın bu ilin aprel ayında Bakıya çatdırılması nəzərdə tutulur. Vaqonların istismar müddəti 31 ildir. İlk qatarın Bakıya bu ilin martında çatdırılması planlaşdırılıb. Müqavilə üzrə ikinci qatar da 2018-ci ildə Bakıya çatdırılmalıdır.

Qeyd edək ki, "Metrovaqonmaş" şirkəti 1967-ci ildən "Bakı Metropoliteni" QSC-ni vaqonlarla təmin edir. Hazırda "Bakı Metropoliteni"ndə bu şirkətin istehsalı olan 280 vaqon var. Sonuncu dəfə 2015-ci ildə Bakıya "81-760.B/761.B/763.B" modelində hər birində 5 vaqon olmaqla, 3 qatar gətirilib.