Dördüncü gündür ki, 6 siyasi partiya və 2 müstəqil namizəd bütün ölkə üzrə seçkiqabağı təşviqat kampaniyasını davam etdirir.

İndiyədək təşviqatla bağlı Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayıb.

Unikal.org xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov deyib. Onun sözlərinə görə, bütün rayonlarda namizədlərlə seçicilərin görüşlərinin keçirilməsi üçün yerlər ayrılıb.

Onun sözlərinə görə, namizədlərin təşviqat prosesini aparması üçün insanların daha çox toplaşdığı yerlərdə 10 mindən çox lövhədə təşviqat məlumatlarının yerləşdirilməsinə şərait yaradılıb. Bundan başqa, sahibkarlıq obyektlərinin binalarındakı şüşə hissələrə də namizədlərin təşviqat məlumatları yerləşdirilərək nümayiş oluna bilər.

Namizədlərin təşviqat kampaniyasını aparmaq üçün onların Kütləvi İnformasiya Vasitələrindən pulsuz istifadə imkanları da yaradılıb. Belə ki, hazırda İctimai Televiziya və 3 dövlət qəzeti bu hüququ təmin etmək üçün çalışır və istənilən namizəd yaradılan bu pulsuz imkandan istifadə edə bilər.

Natiq Məmmədov onu da qeyd edib ki, müşahidəçilərin də seçki prosesində iştirakına böyük imkanlar yaradılıb.

O, hazırda dünyada ən çox məlumat axınının baş verdiyi internet sisteminə də Azərbaycanda heç bir qadağa olmadığını və insanların seçki ilə bağlı istədikləri məlumatı burdan asanlıqla əldə edə biləcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, prezidentliyə namizədlərin seçkiqabağı təşviqat prosesi martın 19-da başlayıb və aprelin 10-u səhər saat 8-də başa çatacaq.