Adətən sosial mediada işim və sahəmlə bağlı məsələlərə münasibət bildirirəm. Son günlər sosial medianın bizim ölkədəki iki ən aqressiv müstəvisi-facebook və youtube üzərindən baş verənlər barədə yazmaq istəyirəm. Yox, mən sosial medianın monitorinqi, orda istər hakimiyyət, istərsə də müxalifət tərəfindən aparılmalı olan, amma aparılmayan işlər barədə danışmaq istəmirəm indi.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun son iki statusunu oxumuşdum, bəzi həmkarlarımın da o statusa münasibətini oxudum. Əli müəllimin müraciəti anlayan üçün sərt idi, amma bütün mənalarda əxlaq normalarına uyğun, siyasi ifadə tərzinin detallarını vurğulayan açıqlama idi. Azərbaycan hakimiyyətinin ideoloji cəbhəsinin əsas adamlarından biri bu hakimiyyətin hələ də dözümlü və səbrli bir münasibətini çatdırmışdı. Hələ də "bu söyüş, təhqiri bitirin, adam kimi tənqid edin, müzakirə aparın" deyirlər və Əli Həsənov da bu mesajı vermişdi. Baxmayaraq ki, sosial şəbəkədə söyüş söyən beş-on adam qətiyyən siyasi müxalifət deyil və bu adamlara hakimiyyətin yanaşması da doğru olaraq alternativ yanaşması deyil. Hakimiyyət dünyanın hər yerindəki azərbaycanlı ilə adekvat olmağa çalışır. Hər halda Əli Həsənovun müraciətindən çıxan nəticə bu idi.

Amma indi o "sosial media diversantları"(bir daha təkrar edirəm, onlar heç bir halda siyasi müxalifət deyillər, yalnız idarəolunan diversantdırlar) "bəlkə başqa yolları var" deyib sarkazmla sual edə bilərlər.

Bəli, var!


Birinci, əgər bu siyasi mübarizədirsə, orda "ana-bacı söhbəti" aparmırlar. Siyasi mübarizənin düsturunda dövlətin simvollarını, tanınan və ya tanınmayan adamın özünü, ailə üzvünü söymək, təhqir etmək, dövlət rəsmisinə, onun ailə üzvünə terrora çağırış etmək, dövlət çevrilişinə çağırmaq yoxdu. Camaatın ailəsini, qadınını-qızını təhqir edib, siyasi mübarizə aparmırlar. Yox, əgər bu siyasi deyil də, şəxsi hesablaşmadırsa, onda inciməyin, Avropada oturub, "mənim xalqım, mənim millətim" müraciəti ilə dava aparmayın. Şəxsi davaların çox sadə məntiqi olur: hamı bacardığını edir! Yəni birinin digərinin əzizini, doğmasını söyüb, aşağılamaq imkanı var ( əslində bu imkan hamıda var, hər kəs özünə yaraşanı edir sadəcə), o digərinin isə həmin söyüşləri söyənin əziz və doğmalarına göstərmək imkanı var. Qan davalarına gətirib çıxaracaq bütün situasiyalarda olduğu kimi. Bunun isə siyasətlə heç bir əlaqəsi yoxdu və bu davada söyülən qədər, elə söyən də aşağılanır, uduzur. Bax elə buna görə də Avropadan nifrin, təhqir püskürənlərin doğmaları, saydıqları böyük-kiçikləri ortaya çıxıb bu iyrənc gedişatı durdurmalıdılar. Vəzifəsindən, statusundan asılı olmayaraq, hamının şəxsi mənliyi var, heç bir ictimai status insan psixologiyasını, adamın böyüdüyü, öyrəndiyi dəyərlər sistemini dağıtmır. Tanınmaq söyüş hədəfi olmaq üçün əsas vermir. Hələ də ailəsi, özü təhqirə məruz qalanlar dözürlərsə, deməli, dayanmağınızı gözləyirlər.

İkincisi, heç bir status, o cümlədən mühacir statusu da dövlət çevrilişinə, terrora çağırış və s beynəlxalq konvensiyaları belə çiynəyən hərəkətlər üçün əlavə immunitet qazandırmır. Azərbaycan hakimiyyətinin, təhqir olunan, qətlinə çağırış edilən şəxslərin tamamilə hüquqi müstəvidə mübarizə aparmaq haqları və imkanları var. Əgər dünyada hər əlinə telefon keçənin bir akkaunt yaradıb dövlət çevrilişinə, insan qətlinə çağrış edib sonra bunu ictimailəşdirməsi bu qədər asan olsaydı, onda sosial şəbəkələr müzakirə, əlaqə müstəvisindən çıxıb çoxdan xaos meydanına çevrilərdi. Yenə də təhqir olunanlar hələ səbrlə gözləyirlər.

Bütün addımların adekvatı, bütün söyüşlərin qarşılığı, bütün çiynənən dəyərə qarşı tapdanacaq dəyər var. Kimsə eləmirsə, dayanmağınızı, bir yerdə pəs etmənizi gözləyir.

Mən heç kimin siyasi mübarizə aparmasının əleyhinə deyiləm, ölkədə müxalifətin varlığından, onun ictimai nəzarət funksiyasını həyata keçirməsindən yanayam. Mən o söyüş söyənlərin ailə üzvlərinin də hansısa məmurlar tərəfindən incidilməsinin (əgər belə faktlar varsa) də qəti əleyhinəyəm. Amma "mənim bacımın evinə polis gəldi, sənin də doğmaların belə olsun" adında mübarizə olmur. Bu küçə söhbətidi, tin danışığıdı və bütün normaları aşmaqdı.

Mənə görə dünyanın ən təhlükəli insanları qırmızı xətti olmayanlardı. Söyüş söyməyi, təhqir etməyi özünə yaraşdıran hər kəs müqəddəs heç nəyi olmayan kəslərdi. Keçilməzi olanlar başqalarının müqəddəsinə, keçilməzinə söyüş söyməz, təhqir yağdırmaz.

Onsuz da xətlər keçilib, dəyərlərimizə, oxumağımıza və eşitməyimizə layiq olmadığımız hər sözü bu millət övladlarına, öz yaxınlarınız da daxil olmaqla, eşitdirib, oxutmusuz. Sizi durdurmaq istəyənlərin hər birinə bir yarlıq yapışdırmısınız. Söyüşü "qəhrəmanlıq", "mən daha pis söyməyi bacarıram" həddinə gətirmisiniz. İctimai qınaqdan daha çox hüququn, özü də olduqları Avropa hüququnun danışmalı olduğu vaxtdı.

Dünyada hələ söyüşlə, təhqirlə "virtual inqilab" edən olmayıb. Nə də olmasa, sosial şəbəkələr və internet media mənim fəaliyyət sahəmdi, bundan əminliklə danışa bilərəm. Əmin olun, sosial şəbəkədə söyüşün heyrət edildiyi vaxtlar arxada qalıb, indi söyüləndən yox, söyəndən iyrənirlər. Ölkənin dövlət simvolunu, ziyalısını, məmurunu, deputatını, media rəhbərini, qadınını-qızını söyən, təhqir edən diversantlara öz yaxınları, qohumları dur deməlidir.

Sosial şəbəkələr virtual küçədi. Küçənin söyəni, avarası, özünü apara bilməyəni yoldan keçənlərdə ikrah yaradar ancaq.

Söyüş-acizlərin son sığınacağıdı!

MÜƏLLİF: APA Holdinq-in prezidenti Vüsalə Mahirqızı