Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XIII turun görüşləri keçirilir.

Unikal.org-un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla üz-üzə gəlib.

Görüş 39-cu dəqiqədə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bununla da 33 yaşlı qrossmeyster turnirdə üçüncü qələbəsini qazanıb və xallarını 7,5-ə çatdırıb. Hazırda o, rusiyalı Sergey Karyakinlə 2-3-cü yerləri bölüşür. Karyakin bu tur qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib.

Turnir cədvəlinə isə yenidən ABŞ-ın digər təmsilçisi Fabiano Karuana başçılıq edir. Karuana ağ fiqurlarla ermənistanlı Levon Aronyanı yenərək, 8 xalla vahid liderə çevrilib.

Hazırda Din Lijen (Çin) - Vladimir Kramnik (Rusiya) görüşü davam edir.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində əvvəlki 2 qələbəsini də Rusiya təmsilçiləri - Sergey Karyakin və Vladimir Kramnik üzərində qazanıb.