Fövqəladə Hallar Nazirliyi Qazaxda avtobusla minik avtomobilinin toqquşması barədə rəsmi məlumat yayıb.

Unikal.org-un xəbərinə görə, nazirlikdən bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində "Mercedes" markalı sərnişin avtobusu və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Minik avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlunun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtobusun sürücüsü və 12 nəfər sərnişin müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya aparılıb.

09:03

Qazax rayonunda bir nəfərin ölümü, yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Report" xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Bakı-Qazax-Qırmızı körpü istiqamətində hərəkət edən "Mercedes" markalı sərnişin avtobusu "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin Ziya adlı sürücüsü hadisə yerində ölüb.

Hadisə zamanı həmçinin 59 yaşlı Allazova Aybəniz Mahmud qızı, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Rəhimova Raidə Xanmirzə qızı, 1985-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Həsənova Fərmayə İsmayıl qızı, 1969-cu il təvəllüdlü Bakı sakini Süleymanova Mərziyə Cəlal qızı, 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Ramazanova Sevinc Zedulla qızı, 1953-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Bayramova Zeynəb Əhməd qızı xəsarət alıblar.

Hadisə yerinə cəlb olunan DYP əməkdaşları qəzanın səbəblərini araşdırır.