Yunan-roma güləşi üzrə ikiqat olimpiya mükaftçısı, dünya və Avropa çempionu, millinin məşqçisi Rövşən Bayramovun Unikal.org-a müsahibəsini təqdim edirik:

- Artıq məşqçi kimi fəaliyyətə başlamısınız. Özünüz də məşq edirsinizmi?

3 aydır ki, məşqçi kimi fəaliyyət göstərirəm. Həmçinin formada qalmaq üçün də məşq edirəm.

- Tam olaraq nə vaxtdan güləşməyi dayandırmaq qərarına gəldiniz?

- 2017-ci ilin əvvəlindən - Dünya Kubokundan sonra qərara gəldim ki, güləşməkdən tamamilə uzaqlaşım.

- Səbəb nə idi?

- Gücüm yerindədir. Sadəcə psixioloji yorğunluq var idi. 1999-cu ildən güləşlə məşğulam. Psixioloji olaraq yorulduğumu hiss etdim və belə bir qərar verdim.

- Nəyə görə təəssüf hissi keçirirsiniz?

- Sözsüz ki, hər bir idmançının ən böyük arzusu olimpiya çempionu olmaqdır. Mən də bu arzuda idim. Baxmayaraq ki, iki dəfə olimpiya oyunlarının gümüş mükafatçısı olmuşam. Ancaq "qızıl medal qazanmağı arzulayırdım. Təəssüf ki, qismət olmadı. Amma bilmək olmaz, bəlkə tələbələrim bu nəticəni əldə edəcək.

Başqa təəssüf edəcəyim hadisə yoxdur. Çünki idman sahəsində uğurlu nəticələr əldə etmişəm. Sadəcə bir zirvə qalmışdı, o da olimpiya oyunları idi. Yay olimpiya Oyunlarının qalibi ola bilmədim. Deyərdim ki, hər şeyi əldə etmişəm.

-Güləşdə qazandığınız uğurlar ölkəmizdə necə qiymətləndirilir? Bu sizi qane edirmi?

- Əlbəttə ki, dövlət, federasiya tərəfindən yüksək qiymətləndirilib. Ölkə başçısının diqqət və qayğısı daim üzərimizdədir. Şükürlər olsun ki, Azərbaycanın yarısı məni tanıyır.

- Məşqçi sahəsindəki gözləntiləriniz nədən ibarətdir? Güləşmək, yoxsa məşqçi işləmək asandır?

- Güləşərkən təkcə özüm üçün mübarizə aparırdım. Amma indi yarışa gedərkən 10-15 nəfər idmançı gedir. Gərək hər biri üçün çalışasan. Ümid edirəm ki, məşqçi kimi fəaliyyətim güləşçilərimin uğurlu nəticə göstərməsinə təsir edəcək. Mənim qazana bilmədiyim uğurları tələbələrim bacaracaq.

Bu gün komandamızda hamı olimpiya medalçısı ola bilər, əsas odur ki, özü istəsin. Tək mənim istəyimlə heç nə ola bilməz. Özlərinin buna həvəsi, istəyi olmalıdır. Əziyyət çəkib, qarşılarına məqsəd qoymalıdırlar. Məqsədləri, istəkləri varsa, hər şeyə nail ola bilərlər. Zirvəyə getmək üçün hətta əlindən gəlmiyəni də etməli, çox çalışmalısan.

- Rövşən Bayramov nədənsə mətbuatdan kənar gəzir. Bunun xüsusi səbəbi var?

- Elə bir özəl səbəbi yoxdur, sadəcə xoşlamıram. Zəng edənlərə də cavab vermirəm. Çünki "Kontaktımda kimlərin adı varsa onların zənginə cavab verirəm. Hər kəsin bir xasiyyəti var, mən də beləyəm.

- İndi məşqçisi olduğunuz keçmiş komanda yoldaşlarınızla münasibətləriniz necədir? Əvvəlki səmimiyyət var, ya araya məsafə qoymusunuz?

- Əlbəttə ki, 2 saat ərzində, yəni fitdən-fitə dostluq, yoldaşlıq unudulur, məşqçi-tələbə münasibətləri olur. Sağ olsun güləşçilərimiz də bunu anlayır, hörmətimi saxlayırlar. Amma kənarda əvvəlki münasibət, səmimiyyət öz yerindədir.

- Məşqçi olmağa nə vaxt qərar verdiniz?

- İdmandan uzaqlaşandan sonra boş qala bilməzdim. Güləşməklə 2017-ci ilin əvvəlində vidalaşdım, amma özüm üçün məşqlərimə davam edir, daim zalda olurdum. Məşqçi kimi çalışmaq fikrim var idi. Sağ olsun Firdovsi Umudov, federasiya rəhbərliyi 2018-ci ilin əvvəlində məni yığma komandaya təyin etdilər. Artıq 3 aydır ki, millidə məşqçi kimi çalışıram.

Aygün İlqarqızı