Bir-birinin ardınca hərbi-müdafiə sənayesinin ən müasir məhsullarını hazırlayan qardaş Türkiyə qürurlandırmaqda davam edir. Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı hərəkatında milli silahların üstünlüyünü nümayiş etdirən Türkiyə silahlı pilotsuz dəniz vasitəsi ilə dünyanı növbəti dəfə heyrətləndirmək niyyətindədir.

Unikal.org xəbər verir ki, Albayrak Müdafiə Sənayesi və Qara Dəniz Texniki Universitetinin əməkdaşlığı nəticəsində ərsəyə gətirilən Vatoz dəniz vasitəsi türk ərazi sularında təhlükəsizliyi təmin edəcək.

Vatoz 3 ay sonra Ankarada keçiriləcək bir mərasimdə təqdim olunacaq. Vatozlar Türkiyənin ərazi sularına müdaxilə edən 10 milyard dollarlıq bir təyyarədaşıyan gəminin altına elektromaqnit təsiri sayəsində yapışa və daşıyacağı bomba ilə onu partlada biləcək gücə sahib olacaq.

Ölçü və formasına görə bir skat balığını (türkcə vatoz adlanır - red.) xatırladan Vatoz dünyada ilk və təkdir.

Suda balina və delfin kimi heyvanların çıxardığı səs xüsusiyyətində olan kriptolu akustik səs dalğaları ilə idarə edilir. Saatda 10 kilometr sürətlə hərəkət edən vatozların hərəkət müddəti 10 saatdır. Elektromaqnit qalxanı ilə dəniz canlılarından özünü qoruya bilər. Dəniz vasitəsi birdəfəlik istifadə üçün nəzərdə tutulub.

Göz hissəsində iki kamerası var və inteqrasiya olunmuş 3 mühərrik sistemi ilə işləyir. (publika.az)