Xəbər verdiyimiz kimi, aprelin 2-də Azərbaycan Qol Güləşi Federasiyasının üzvü, 14 qat dünya və 14 qat Avropa çempionu Minabəddin Qurbanov dünyasını dəyişib. 


Unikal.org-un məlumatına görə, 62 yaşlı çempionun aprelin 3-də dəfn mərasimi keçirilib. Ölkənin ən titullu idmançılarından olan, "Qafqaz Pələngi" ləqəbli M.Qurbanov yaşadığı Xaçmaz rayonunda, doğma Yalama kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun rəhbərliyi altında AQGF-nın yüzdən artıq üzvləri, əməkdaşları və idmançıları iştirak edib.

Dəfn mərasiminə Minabəddin Qurbanovun uzun illər çalışdığı Yalama kənd orta məktəbinin rəhbərliyi və kollektivi, həmçinin çoxsaylı kənd sakinləri də qatılıblar.

Mərhumun barəsində vida çıxışları edilib, onu yaxından tanıyanlar öz ürək sözlərini söyləyiblər. Mərasimdə çıxış edən Cəsarət Əhmədov Minabəddin Qurbanovun Azərbaycan idmanının inkişafı və dünyada tanınması işinə verdiyi misilsiz tövhələrdən söz açıb. O həmçinin mərhumun danılmaz xidmətlərini, indiyədək ölkəyə 60-dan artıq medal gətirdiyini xatırladıb. Öz nitqində Cəsarət Əhmədov bildirib ki, Minabəddin Qurbanov hər zaman xarici ölkələrdə doğma Azərbaycanımızı ləyaqətlə təmsil edib, öz Vətəninə, öz xalqına və dövlətinə təmannasız xidmət göstərib. Federasiya prezidenti bunu da qeyd edib ki, vətənpərvər insan, böyük şəxsiyyət olan Minabəddin Qurbanov eyni zamanda həm bir pedaqoq olaraq yüzlərlə gənc azərbaycanlı övladlarının vətənpərvər ruhda formalaşmalarında böyük rol oynayıb. Həmçinin nümunəvi bir ailə başçısı olmaqla cəmiyyətimizə öz davamçısını bəxş edib. Belə ki, oğlu Rüstəm Qurbanov da dəfələrlə dünya və Avropa çempionudur.

Daha sonra Cəsarət Əhmədov xüsusi olaraq belə bir bir məqamı da vurğulayıb ki, idmançılarımızın belə yüksək nəticələr əldə etməsinin ən başlıca səbəbi Ölkə Prezidenti cənab İlham Əliyevin qol güləşi idman növünə hər zaman xüsusi maraq göstərməyi və hər il Novruz şənliklərində idmançılarla görüşü zamanı onlara böyük stimul verməyi olub.

Bundan sonra dini ayinlər yerinə yetirlib, mərhumun cənazə namazı qılınıb, ruhuna dualar oxunub.