Bakıda elektron avadanlıqlar satılan mağazalardan birindən 1800 və 1600 manatlıq 4 ədəd mobil telefon oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a  verilən məlumata görə, paytaxtın Nəsimi rayonunun Moskva prospektində yerləşən elektron avadanlıqlar satılan mağazalardan birindən soyğunçuluq edilib. 

Belə ki, mağazaya daxil olan naməlum şəxs orada satış üçün nəzərdə tutulan hər birinin qiyməti 1800 və 1600 manat olan 2 ədəd "Samsung markalı mobil telefon götürərək oradan qaçıb.

Hadisə barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olan kimi həmin şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Yusif Sadıqov saxlanılıb. İlkin ifadəsində saxlanılan şəxs törətdiyi əməli etiraf edib və ələ keçirdiyi mobil telefonları satdığını bildirib. Həmçinin Y.Sadıqov həmin mağazanın paytaxtın Nizami rayonunda yerləşən filialından da iki ədəd eyni markalı mobil telefon oğurladığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102 Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.