Azı 2 sifarişli qətldə, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda və digər ağır cinayətlərdə ittiham olunaraq barəsində qiyabi həbs qətimkan tədbiri seçilən, beynəlxalq axtarışa verilən azərbaycanlı keçmiş oliqarx-milyarder Telman İsmayılov üzə çıxıb və danışmağa qərar verib.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, Telman İsmayılovla "Pravo.ru portalı əlaqə saxlayıb və ondan müsahibə alıb. Onun harada olduğu açıqlanmır, amma bundan əvvəl İsmayılovun Fransada gizləndiyi xəbər verilmişdi.

Xatırladaq ki, T.İsmayılovun qardaşı Rafiq İsmayılov hazırda həbsdədir. O, sifarişli qətllərdə ittiham olunur. Rafiq İsmayılova qarşı irəli sürülmüş ittihama əsasən o, Mehman Kərimov adlı killerə keçmiş ortağı Savkinin qətlini sifariş edib. Killer təsadüfən həmin gün biznesmenlə birlikdə olan dostu Brilyovu da onunla birlikdə güllələyib.

Bu cinayət işinin istintaqı artıq başa çatıb və iş yaxın günlərdə məhkəmə baxışına daxil olacaq. T.Ismayilov deyib ki, istintaq başa çatsa da onun qardaşını Mehman Kərimovla üzləşdirməyiblər. Baxmayaraq ki, ittiham üçün yeganə əsas Mehman Kərimovun istintaqa verdiyi ifadədir.

"Kərimovu məhkəməyə gətirməlidirlər, ittiham onun yalan ifadələri üzərində qurulub. Mən qorxuram ki, onu məhkəməyə gətirməyəcəklər, qorxuram onu aradan götürsünlər. Ona görə də mən hüquq-mühafizə orqanlarından və məhkəmədən xahiş edirəm ki, bu işə obyektiv, diqqətlə yanaşsınlar-keçmiş oliqarx deyib.

-Nəyə görə Siz məhz indi müsahibə verməyi qərara aldınız?

-Çünki vaxtı çatıb və mən hansısa yolla özüm barədə bildirməliyəm ki, sağam, sağlamam və tam şüurlu vəziyyətdəyəm. Mən ümumiyyətlə populizmi sevmirəm. Lakin indi məni KİV-lərdə o qədər lənətləyirlər ki, danışmağa məcburam. Mən isə bunu xoşlamıram. Müsahibə verməyi sevmirəm, çünki sonra özümə qulaq asanda bu mənim xoşuma gəlmir.

-Siz indi barənizdəki cinayət işi haqqında məqalələrdən danışırsınız?

-Bəli, qərara aldım ki, onlara reaksiya verəm. Çünki bu məqalələr həqiqətə uyğun deyil. Yalandır.

-Barənizdə istintaqın əlində hansı sübutların olduğunu bilirsiniz?

-Bildiyim qədər heç bir sübut yoxdur və ola da bilməz, hazırda həbsdə olan bir adamın yalan ifadələrindən başqa. O, mənim əleyhimə ifadə verib, çünki istintaqla əməkdaşlığa razı olub. Bundan başqa heç nə yoxdur və ola da bilməz. O, (Mehman Kərimov) öz dərisini xilas etməyə çalışır, əminəm ki, onu zorla həmin ifadəyə qol çəkməyə razı salıblar. Çünki sağlam düşüncəli adam yalan ifadənin altına imza ata bilməz. Mən bunu anlayıram. Onun ifadəsindən başqa heç nə yoxdur və ola da bilməzdi.

T.İsmayılov müsahibə zamanı M.Kərimovla biznesmenlərin qətli barədə hər hansı müzakirə aparmadığını, ona belə sifariş vermədiyini də deyib. Bildirib ki, ona və qardaşına qarşı cinayət işini hüquq-mühafizə orqanlarındakı bəzi adamlar saxtalaşdırıblar. Və bu cinayət işinin yuxarıdan sifariş olduğuna inanmır.

-KİV-lər yazmışdı ki, Siz hansısa kompromatları Fransa tərəfinə təqdim edərək əvəzində siyasi sığınacaq almaq istəyirsiniz. Doğrudan belə planlarınız var?

-Yox, mən heç bir sığınacaq barədə xahiş etmirəm. Siyasi sığınacaq nə deməkdir? Mənim buna nə vaxtım, nə istəyim var. Sadəcə olaraq istəyirəm mənə obyektiv yanaşsınlar. Heç bilmirəm barəmdə qaldırdıqları işdə nə var, nə yox. Onlar qəsdən bunu edirlər, qəsdən məni küncə sıxırlar ki, mən siyasi sığınacaq istəyim.

-Bəs onlar kimlərdir, Siz kimləri nəzərdə tutursunuz?

-İstintaq Komitəsi, müstəntiqlər. Onlar məni küncə sıxıblar, məcbur etmək istəyirlər ki, siyasi sığınacaq istəyim. Onlar səs-küy qaldırıblar. Heç nə olmadığı halda. Siz bunu televizorda, KİV-lərdə görmüsünüz. Lakin onlar buna nail olmayacaqlar, mən bacardığım qədər müdafiə olunacağam. Ümid edirəm ki, sonda ədalət qalib gələcək.

T.İsmayılov bildirib ki, hazırda beynəlxalq ekspertlərlə işləyir, Rusiya ilə də işləməyə hazırdır. Habelə "yalan detektorundan keçməyə də hazırdır ki, günahsızlığını sübut etsin.

"Mən üzləşdirmə tələb edirəm, qoy mənim əleyhimə ifadə verənlərlə üzləşmə təşkil etsinlər. Qardaşımı həbs ediblər, amma üzləşdirmə keçirmirlər, istintaq eksperimentləri keçirmirlər. Niyə? Çünki istintaq anlaşıb, müqavilə bağlanıb-T.İsmayılov deyib.