Quba rayonunda iki nəfər Samur-Abşeron kanalına düşüb. (15:38)

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Gədikqışlaq kəndində 2 nəfərin Samur-Abşeron su kanalında batdığı ehtimal edilir. Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə kanalın Gədikqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakinləri 56 yaşlı Vidadi Mehrəliyev və 54 yaşlı Səhrab Seyfulovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub, axtarışlar davam etdirilir.

***
15:51

"Report"un Şimal bürosu xəbər verir ki, Quba rayon Gədik kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulov Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxartmaq istəyiblər.

Onlar bu məqsədlə bir-birilərinə ip bağlayaraq kanala düşüblər. Lakin bu zaman onların ikisini də su aparıb.

Hazırda əraziyə Quba rayon Polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri cəlb olunub. Hadisə yerinə qaldırıcı kran gətirilib. İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib. Hazırda onları suyun üzərinə çıxartmaq mümkün olmadığından, kanalda suyun səviyyəsinin azaldılması planlaşdırılır.

Foto əlavə olunur...

***
16:56
Qubanın Gədikqışlaq kəndindən keçən Samur-Abşeron kanalında batmış hər iki şəxsin meyiti xilasedicilər tərəfindən sudan çıxarılıb.

"Report"un Şimal bürosu xəbər verir ki, bunlar rayonun Gədikqışlaq kənd sakinləri olan Vidadi Mehrəliyev və Səhrab Seyfulovdur.

Onların cəsədləri ailələrinə təhvil verilib.