Bu ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190- "Çağrı mərkəzlərinə vətəndaşlar tərəfindən 12081 müraciət daxil olub.

ƏƏMN-dən unikal.org-a verilən məlumata görə, əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta münasibətləri sahələrində fəaliyyət göstərən avtomatlaşdırılmış sistemlər həmin sahələr üzrə əhaliyə dövlət xidmətlərinin məmur-vətəndaş kontaktları olmadan, şəffaf şəkildə həyata keçirilməsini təmin edir. Bu da müsbət nəticələrdən biri kimi, nazirliyə ünvanlanan, eyni zamanda,"Çağrı mərkəzləri vasitəsilə daxil olan vətəndaş müraciətlərində aidiyyəti sahələrlə bağlı şikayət xarakterli müraciətlərin sayının minimuma enməsi, daxil olan müraciətlərin böyük əksəriyyətinin sorğu xarakteri daşıması ilə müşahidə olunur.

Ötən ay vətəndaşların 142 və 190-"Çağrı mərkəzləri vasitəsilə etdikləri müraciətlərin də 96,2 faizi sorğu xarakterli olub. Bu müraciətlərlə bağlı nazirliyin mütəxəssisləri vətəndaşların öyrənmək istədikləri məsələlərə dair onlara hüquqi izahatlar veriblər.

Eyni zamanda, nazirliyin 30-a qədər elektron xidməti əhalinin istifadəsindədir. Həmin e-xidmətlərə ictimai marağın getdikcə artmasının göstəricisi kimi, son bir ayda "Çağrı mərkəzlərinə daxil olan sorğu xarakterli müraciətlərin bir hissəsi də elektron xidmətlərdən istifadə prosedurlarına aid olub. Belə sorğulara cavab olaraq da vətəndaşların məlumatlandırılması təmin edilib.

Vətəndaşların məlumatlandırılması məqsədilə mart ayı ərzində onlara 42059 SMS göndərilib.

Sorğu məzmunu daşımayan digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.

Ümumilikdə, bu ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - "Çağrı mərkəzləri tərəfindən 43740 müraciət cavablandırılıb.