"Prezident sçkilərinin keçirilməsi məsuliyyətli işdir. Çünki müxtəlif baxışlı insanlar var. Çalışırıq ki, heç bir tərəf narazı qalmasın.

Unikal.org-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri onu da əlavə edib ki, hər kəs istənilən məsələ barədə MSK və qurumun qaynar xətti ilə əlaqə saxlaya bilər.

M.Pənahov bildirib ki, prezident seçkiləri ilə bağlı işlər yüksək səviyyədə görülüb: "Düşünürəm ki, bütün bunlar nümunə olacaq addımlardır. Heç kimin seçiciyə təzyiq göstərməyə haqqı yoxdur. Vətəndaş azad şəkildə istədiyi namizədə səs verə bilər. Bütün addımlar Seçki Məcəlləsinə uyğun atılmalıdır, qanun pozuntusuna yol verilməməlidir".

O vurğulayıb ki, səsvermədə hər kəsin hüquqları gözlənilməlidir: "Axırıncı seçici məntəqəni tərk etdikdən sonra məntəqədə qapı bağlanmalıdır. Seçki məntəqələri saat 7-də bağlanacaq. Məntəqədə olan müşahidəçiləri və jurnalistləri heç kim məntəqəni tərk etməyə məcbur edə bilməz".