"Azərişıq ASC mövcud və tikilməkdə olan sahibkarlıq obyektinə, o cümlədən evinə, bağına yaxud həyətinə elektrik enerjisi çəkdirmək istəyənlərin işini asanlaşdırmaq üçün daha bir yenilik edib.

Bu barədə unikal.org-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, "Azərişığın (azerishiq.az) rəsmi saytında "Elektrik şəbəkəsinə necə qoşulaq adlı xüsusi bölmə yaradılıb: "Həmin bölmədə elektrik enerjisi çəkdirmək üçün tələb olunan texniki şərtlərin verilməsinin yenilənmiş qaydalar öz əksini tapıb. Xüsusi bölmə azərbaycan, ingilis və rus dillərərində fəaliyyət göstərir. Həmçinin "Elektrik şəbəkəsinə necə qoşulaq adlı xüsusi bölmədə yazılı qaydalarla yanaşı video-rolik də yerləşdirilib. İndi istənilən sahibkar www.azerishiq.az saytının əsas səhifəsindəki "Elektrik şəbəkəsinə necə qoşulaq bölməsinə daxil olmaqla tələb olunan gücü 150 kVt-a qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə qoşulması və eyni zamanda tələb olunan gücü 150 kVt və ondan yuxarı sahibkarlıq obyektlərinin orta və yüksək gərginlikli elektrik şəbəkəsinə qoşulması qaydalarından və şərtlərdən ətraflı tanış ola biləcəklər. Habelə evinə, bağına və ya həyətinə elektrik enerjisi çəkdirmək istəyən məişət abonentləri də bu xidmətdən yararlanacaqlar.

Qurum rəsmisi bildirib ki, tələb olunan gücü 150 kVt-a qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə qoşulması və məişət abonentlərinin evinə, bağına yaxud həyətinə elektrik enerjisi çəkdirməsi yalnız və yalnızı "ASAN xidmət və "ASAN kommunal mərkəzləri vasitəsi ilə "Azərişıq ASC tərəfindən həyata keçirilir: "Artıq elektrik şəbəkəsinə qoşulmaq üçün texniki şərtlər nəinki Bakıda, ümumilikdə bütün regionlarda fəaliyyət göstərən "ASAN xidmət və "ASAN kommunal mərkəzləri vasitəsi ilə verilir. Bundan başqa sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün vahid pəncərə üzrə prosedurlar 7-dən 3-ə endirilib, prosesin müddəti isə 69 gündən 24-günə salınıb.