2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanın ağırlıqqaldırma üzrə milli komandasına az yer verilib. Səbəb də dəfələrlə dopinqə görə cəzalandırılmaları, anti-dopinq qaydalarını pozmasıdır. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  təmsil olunmaq üçün cəmi 2 yer veriləcək. 

Cəzaları üzündən  Azərbaycandan başqa daha 5 ölkə cəmi 2 idmançı ilə olimpiya oyunlarına qatıla biləcək.  Onlar Rusiya, Ermənistan, Belarus və Qazaxıstan kimi ölkələrdir. 

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) yeni qaydalarına əsasən, 2008 - 2020-ci illərdə antidopinq qaydalarını 19 dəfəyə qədər pozan milli assosiasiyalar olimpiadada 2-dən artıq idmançı ilə təmsil oluna bilməzlər. İyirmi və daha çox dopinq pozuntusu qeydə alınan qurumlara isə c'mi 1 yer veriləcək.

Qeyd edək ki, IWF İcraiyyə Komitəsinin sentyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş iclasında Azərbaycan, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukraynanın bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul olunub. Səbəb bu ölkələrin 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarında dopinq-testin təkrar analizlərinin müsbət nəticə verməsidir.

Azərbaycan 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalıb. Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.