SON XƏBƏRLƏR
20 Aprel 2018
19 Aprel 2018
Asəf Rzayev: "Jurnalistə yumruq atan şəxslər cəzalandırılmalıdır"
MÜSAHİBƏ 14:20 / 13.04.2018
"Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev bu ilin aprel ayının 9-da "Unikal.org” informasiya portalının əməkdaşı dünyasını dəyişmiş Səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimini işıqlandırmaq istəyərkən hücuma məruz qalması barədə teleqraf.com sayıtına müsahibə verib. 

Unikal.org həmin müsahibəni oxuculara təqdim edir:

- Asəf bəy, əməkdaşınız Famil Fərhadoğlunun səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimi zamanı döyülməsi faktını Yasamal rayon polisi araşdırır. Hazırda bununla bağlı hansı yeniliklər var?

- Famil Fərhadoğlunun peşə fəaliyyətini yerinə yetirərkən səhiyyə nazirinin işarəsilə döyülməsi faktı ilə bağlı cənab daxili işlər nazirinə və cənab baş prokurora müraciət etmişəm. Bu fakt Yasamal rayon 28-ci polis bölməsində təhqiqatçı Azər müəllim tərəfindən araşdırılır. Təəssüflər olsun ki, bu günə qədər jurnalisti döyən şəxslər məsuliyyətə cəlb edilməyib. Ancaq bir saat əvvəl 28-ci Polis Bölməsindən bizimlə əlaqə saxlayaraq dedilər ki, jurnalisti döyən şəxslər polisə gətirilir. Yəqin ki, gün ərzində üzləşmə olacaq. Hesab edirəm ki, mənim baş prokuror və daxili işlər nazirinə müraciətimdən sonra polis və prokurorluq orqanları bu fakta ciddi yanaşacaq. Ümid edirəm ki, son nəticədə jurnalisti döyən şəxslər cəzalandırılacaq.

- Səhiyyə Nazirliyi bəyan edib ki, jurnalistin döyülməsi faktının onlara aidiyyəti yoxdur, Famil Fərhadoğlu ilə insident yaşayan nazirliyin əməkdaşları deyil, mərhumun qohumları olub...

- Təbii ki, Səhiyyə Nazirliyi bu halı təkzib edə bilər. Amma ortada əsaslar var, hazırda təhqiqat gedir, nazirin işarəsi ilə bizim əməkdaşımıza iki nəfər xəsarət yetirib, çəkiliş üçün əlində olan vasitələri sındırıb. Mən Səhiyyə Nazirliyinin açıqlamasını qəbul etmirəm. Onlar sudan duru çıxmaq üçün belə təkziblə çıxış edə bilər.

- Jurnalist təşkilatlarının bu fakta reaksiyasını necə qiymətləndirirsiniz?

- Mən hadisədən sonra jurnalist təşkilatlarının və həmkarlarımızın sosial şəbəkələrdə münasibətləri ilə tanış oldum. Jurnalist təşkilatlarının, həmkarlarımızın, aparıcı sayt və qəzet rəhbərlərinin bu məsələyə reaksiyasını müsbət qiymətləndirirəm. Onlar məmurun jurnalistə qarşı hücum təşkil etməsini pislədilər, bunu ictimailəşdirdilər. Ümumiyyətlə, həmkarlarımızın bizimlə həmrəylik nümayiş etdirməsinin şahidi oldum. Buna görə, onların hər birinə təşəkkür edirəm.

- Bundan sonra hansı addımlar atmağı planlayırsınız?

- Biz indiki mərhələdə polis bölməsində təhqiqatın aparılmasını və onun nəticələrini gözləyirik. Bu məsələ öz həllini tapmasa və jurnalisti döyən şəxslər cəzalanmasa, Azərbaycan Prezidenti İlham Əliyevə və ölkənin birinci Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət edəcəyik.

- Səhiyyə Nazirliyi ilə sizin rəhbərlik etdiyiniz redaksiya arasında yaranan problemi yoluna qoymaq imkanları varmı?

- Öncə deyim ki, əməkdaşımız Famil Fərhadoğlunu döyən şəxslərin ağsaqqalları bizə müraciət etmişdi, jurnalisti döyən şəxslərin əvəzinə üzr istədiklərini qeyd etdilər və təklif olundu ki, biz bu məsələnin üzərindən keçək. Ancaq biz üzrxahlığı qəbul etmədik. Ona görə qəbul etmədik ki, bu ağsaqqallara hörmətsiz yanaşdıq, əksinə, onların addımını ehtiramla qarşıladıq. Lakin ictimaiyyət bilməlidir ki, jurnalistə yumruq atan şəxsin cəzası nədir. Sabah başqası da bilməlidir ki, jurnalistə hansısa bir məmurun sifarişi ilə şillə atmaq, döymək, onun kamerasını sındırmaq olmaz və bunun cəzası var.

İkincisi, Səhiyyə Nazirliyi ilə bizim gələcək münasibətlərimizə gəldikdə deyim ki, bunun yolu asandır. Bizim əməkdaşımızı döyən həmin iki şəxs "Unikal”ın redaksiyasına gəlib döydükləri jurnalistdən üzr istəsin. Bununla da problem yoluna qoyulsun.

- Bu hadisəyə qədər sizin rəhbərlik etdiyiniz media qurumu ilə Səhiyyə Nazirliyi arasında hər hansı problem olubmu?

- Xeyr. Mənim indiyə qədər Səhiyyə Nazirliyini tənqid edim, onların informasiyasını verməyim kimi bir dərdim olmayıb. Sadəcə, bizim əməkdaşımız peşə fəaliyyətini yerinə yetirərkən hücuma məruz qalıb. Biz də bunu ictimailəşdirmişik. Mənim səhiyyə naziri ilə nə əlaqəm, nə də konfliktim olub.