Türkiyənin Qaziantep şəhərində polis tərəfindən saxlanılan şəxsə naməlum şəxs polislərin yanında atəş açaraq onu qətlə yetirib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantep şəhərində axtarışda olan 38 yaşlı Uğur Bakır polislər tərəfindən saxlanılıb. Polislər tərəfindən izahatı alınan Bakır həkim müayinəsi üçün xəstəxanaya aparılıb. Uğur Bakır polis maşınından düşən zaman naməlum şəxs arxadan yaxınlaşaraq, əlindəki tapança ilə 5 dəfə atəş açıb. Bakır yerə yıxılan zaman hadisə yerində çaxnaşma yaranıb. Bu zaman hadisəni törədən şəxs qaçıb.

Ağır yaralanan Uğur Bakır reanimasiya şöbəsinə yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırılma aparılır, hadisənin kim tərəfindən törədilməsi araşdırılır.