"Biz bundan sonra da demokrafik inkişafla bağlı səylərimizi artıracağıq.

Unikal.org  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

"Gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaq. Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib. Azərbaycan xalqı birlik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşir və ölkəmiz uğurla inkişaf edir, deyə dövlət başçısı vurğulayıb.

"Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib. Azərbaycanda bütün azadlıqlar təmin edilib və demokratik inkişaf baxımından hesab edirəm ki, bu 15 il çox uğurlu illər olub".

Dövlət başçısı bildirib ki, Azərbaycan siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin edib: "Ölkəmizdə söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı təmin olunub. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir".

"Seçkilər zamanı çıxış edən antimilli qruplaşmalar artıq marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur".

"Azərbaycan xalqı onların yerini çoxdan müəyyən edib və bu da tarixin zibilxanasıdır. Azərbaycan xalqı bir daha xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə öz yerini göstərdi. Seçkilərdən əvvəl və sonra onların təşkil etdikləri yığıncaqlar bir daha göstərdi ki, Azərbaycan xalqı xaricdən idarə olunan qrupların Azərbaycanda hansısa mövqeyə sahib olmasına heç vaxt imkan verməz".