Bu gün "Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.

Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il aprel ayının 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.

A.Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Hesabat məruzəsində rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin mühüm iqtisadi göstəriciləri barədə məlumat verilərək, birinci rübün yekunlarına görə sözügedən sahənin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 786,7 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 22,8 faiz artım sürətinin əldə edildiyi, istehlakçılara 776,5 milyon manatlıq və ya bütün sənaye məhsulunun 115,5 faizi qədər sənaye məhsulunun göndərildiyi, eləcə də birinci rüb ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 46,7 milyon manatlıq investisiyanın yatırıldığı vurğulanıb.

Eyni zamanda, ötən rüb ərzində rayon rəhbərliyi tərəfindən 633 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 5 səyyar görüş və qəbullar zamanı edilən 45 nəfərin müraciətinin dinlənilərək öz müsbət həllini tapdığı, həmçinin "Qaynar xətt-1643 xidmətinə daxil olmuş 207 müraciətdən 112-nin tam həll olunaraq, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatların verildiyi qeyd edilib.