SON XƏBƏRLƏR
26 May 2018
25 May 2018
Nizami rayonunda çağırışçılar hərbi xidmətə yola salındı - FOTOLAR
CƏMİYYƏT 17:18 / 19.04.2018
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 6 mart 2018-ci il tarixli, 3756 nömrəli Sərəncamının icrası olaraq 19 aprel 2018-ci il tarixində çağırışçıların həqiqi hərbi xidmətə yolasalınma mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, mərasimdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin əməkdaşları, ictimai təşkilatlar, övladlarını ordu sıralarına yola salmağa gələn valideynlər iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

İlk öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin rəisi, polkovnik Eldar Tağıyev çıxış edərək, son illərdə gənclərin hərbi xidmətə çağırışı ilə bağlı müvafiq sərəncamların icrası istiqamətində rayonda görülən işlərdən danışıb. E.Tağıyev Vətəni qorumağın hər bir gəncin müqəddəs borcu olduğunu vurğulayaraq, çağırışçılara xidmətdə uğurlar arzulayıb.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva, əsgər atası Qərib Əsgərov hərbi xidmətə yola düşən gənclərə xoş arzularını bildirərək, çağırışçılara hərbin sirlərinə dərindən yiyələnməyi və Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirməyi, lazım gələrsə torpaqlarımızın müdafiəsi uğrunda canlarından belə keçməyə hazır olmağı tövsiyə ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov son illər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışaraq, ölkənin hərbi potensialının artdığını, silahlı qüvvələrin öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer aldığını qeyd edib. A.Qasımov ordu sıralarında xidmətin böyük şərəf və məsuliyyət olduğunu bildirərək, hərbi xidmətə yola düşən gəncləri Vətənə olan borclarını layiqincə yerinə yetirməyə və Vətənin keşiyində ayıq-sayıq dayanmağa çağırıb.

Çağırışçılar adından çıxış edən Vüsal Əsgərov Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildirib.

Tədbirdə Nizami Rayon Mədəniyyət Mərkəzi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil edilmiş ədəbi-bədii kompozisiya nümayiş edilib, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Sonda çağırışçı-gənclərə hədiyyələr təqdim olunub və onlar Azərbaycan bayrağı öpərək musiqi sədaları altında hərbi hissələrə yola salınıblar.