20 Oktyabr 2018
19 Oktyabr 2018
DYƏT baş direktorlar konfransı keçirildi - FOTOLAR
İQTİSADİYYAT 09:49 / 20.04.2018
Vyetnamın Dananq şəhərində DYƏT Baş direktorlar (məsul nümayəndələri) konfransının XXXIII iclası keçirilib. İclasda "Azərbaycan Dəmir Yolları” QSC Hüquq şöbəsinin rəisi Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

"Azərbaycan Dəmir Yolları” QSC-dən unikal.org-a verilən məlumata görə, iclasda bir çox məsələlər müzakirə olunub. İştirakçılar yük və sərnişin daşımaları, infrastuktur və hərəkət heyətləri üzrə DYƏT Komissiyalarının fəaliyyətinin nəticələrini, eləcə də təşkilatın daimi İşçi qruplarının 2017-ci il ərzində gördükləri işləri müzakirə ediblər. Qarşılıqlı hesablaşmalar üzrə gedişat, dəmir yolları arasında borcların ödənilməsi mexanizmi və birbaşa dəmir yolu bağlantısına dair konvensiyanın layihə mətninin qəbul edilməsi haqqında Beynəlxalq Konfransın gedişatı haqqında məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb. İclas zamanı Koreya Respublikasının DYƏT-ə üzv kimi qəbul edilməsi məsələsi də nəzərdən keçirilib. Həmçinin, cari və 2019-cu il üçün büdcə, DYƏT-ın 2017-ci il üzrə fəaliyyəti, təşkilatın cari və gələcək illərdəki fəaliyyət proqramı müzakirə edilib. DYƏT-ın Komitə rəhbərliyində, sədrlər və işçi orqanların mütəxəssisləri arasında vəzifələrin bölüşdürülməsi razılaşdırılıb.

Baş direktorlar konfransının növbəti XXXIV iclasının ilkin gündəliyi və keçirilmə yeri təsdiqlənib. İclas 2019-cu il 8-12 aprel tarixlərində Koreya Respublikasında keçiriləcək.

Plenar iclasın yekunlarına dair müvafiq Protokol imzalanıb.

Baş direktorlar konfransında qəbul edilən bütün qərarlar Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsinə və DYƏT-ə üzv və müşahidəçi dövlətlərin dəmir yolu nəqliyyatının rəqabət qabiliyyətinin artırılmasına köməklik etməlidir.