Xəbər verdiyimiz kimi, səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlunun (İbrahimov) döyülməsindən 10 gündən çox vaxt keçsə də, hələ də nazirlik tərəfindən rəsmi reaksiya verilməyib.

Unikal.org xəbər verir ki, məsələnin Kütləvi İnformasiya Vasiətlərinin gündəmindən düşməməsi, digər jurnalistlərin və media rəhbərlərinin kəskin münasibət bildirməsi nazirin səbr kasasını daşırıb. Bu səbəbdən də o, nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanı Kütləvi İnformasiya Vasitələrini susdurmadığı üçün tutduğu vəzifəsindən azad edib.
Son günlər Səhiyyə "Şefinin adının qalmaqallarla gündəmdən düşməməsi isə yuxarı dairələrin qəzəbinə səbəb olub. Belə ki, 1 ay ərzində Oqtay Şirəliyevin adı ölkə mediasının gündəminə 2 böyük hadisə ilə gəlib. Jurnalistin döydürülməsi faktına qədər Respublika Narkoloji Mərkəzində müalicə alan 25 xəstənin yanaraq həyatını itirməsi nazirə qarşı qəzəbi birə iki artırıb.

Sadalanan məsələlər azmış kimi bir neçə gün əvvəl səhiyyə naziri Oqtay Şirəliyevin 11 apreldə keçirilmiş prezident seçkilərində iştirak etmədiyi barədə informasiya öz təsdiqini tapdı. Belə ki, 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyev Oqtay Şirəliyevin qeydiyyatda olduğu məntəqədə səs vermədiyini, digər seçki məntəqəsində səs vermək üçün çıxarış almadığını bildirdi.Hər nə qədər Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumatı təkzib etməyə çalışsa da, onun nazirin seçkidə səs verdiyi ilə bağlı "görüntülər var deməsi səhiyyə nazirini daha da çətin vəziyyətə saldı.Çünki nazirliyin xanım əməkdaşı Oqtay Şirəliyevin seçkidə səsverməsi iləbağlı hər hansı bir görüntü ortaya çıxara bilmədi.Bu da bir daha sübut etdi ki, səsvermədə iştirak etməyən Oqtay Şirəliyev həm də seçicilərin səslərinin mütləq əksəriyyətini qazanaraq yenidən Prezident seçilmiş cənab İlham Əliyevə səs verməyib.

Qeyd edək ki, Oqtay Şirəliyevin nəzarət etdiyi səhiyyə sahəsindən gələn şikayətlər artıq dövlət başçısını da ciddi şəkildə narahat edir və bu sektorda ciddi islahatların həyata keçirilməsinin köhnə nazirlə mümkün olmayacağı ortadadır. Bu barədə Oqtay Şirəliyevin özü də məlumatlıdır. Odur ki, istefaya göndərilən Nazirlər Kabinetinin yeni tərkibində Səhiyyə Naziri Oqtay Şirəliyevin qalıb-qalmayacağı isə sual altındadır.