Xəbər verdiyimiz kimi, bu gün hakim Əfqan Hacıyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində "AzTV sədri Arif Alışanova 4,6 milyon manat pul "atmaqda və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun məhkəməsi keçirilib. Məhkəmə zamanı təqsirləndirilən Qoçəli Cəbiyevin oğlu Elməddin Cəbiyev Arif Alışanovun vəkili və nümayəndəsinə qarşı ağır ifadələr işlədib.

O, işdə zərərçəkmiş qismində çıxış edən Arif Alışanovun bacısı oğlu Dəyanət Cəfərova "Sox içivə təhqiredici fikrinə görə, hakim Əfqan Hacıyev xəbərdarlıq edərək onu zaldan çıxarıb.

Unikal.org xəbər verir ki, məhkəmə prosesi başa çatdıqdan sonra Qoçəli Cəbiyevin oğlu Elməddin Cəbiyev Arif Alışanovun bacısı oğlu Dəyanət Cəfərovun üzərinə hücum edib. Bu zaman tərəflər arasında qarşıdurma yaranıb.

Arif Alışanovun vəkili Zaur Abbasov Unikal.org-a baş verən insidentin təfərrüatı barədə açıqlama verib. O bildirib ki, məhkəmə prosesi başa çatdıqdan sonra Qoçəli Cəbiyevin oğlu Elməddin Cəbiyev Arif Alışanovun bacısı oğlu Dəyanət Cəfərova arxadan gələrək üzərinə hücum edib.

"Arxadan gəlib Dəyanətin üz nahiyəsinə yumuruq atdı. Bundan sonra ətrafdakı insanların müdaxiləsi ilə münaqişə sakitləşdirildi. Daha sonra təqsirləndirilən Şücayət Əkbərovun qızı ünvanımıza nalayiq ifadələr səsləndirməyə başladı. Münaqişənin qızışmaması üçün oradan uzaqlaşdıq.

Qeyd edək ki, bundan əvvəl də təqsirləndirilən şəxslərin yaxınları vəkil Zaur Abbasova hücum çəkiblər. Vəkil baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarına şikayət yazıb.