Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən unikal.org-a bildirilib ki, Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır: "Nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.

Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir.

Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək.