"Prezident İlham Əliyevin son 15 illik fəaliyyəti tam Azərbaycanın maraqları üzərində qurulmuş praqmatik bir siyasətdir. İlham Əliyev üçün daimi olan Azərbaycan xalqının maraqlarıdır. Fikir verdinizsə, andiçmə mərasimində İlham Əliyev sistemli Azərbaycanın ictimai-siyasi, iqtisadi, mənəvi həyatının bir səhnəsini nümayiş etdirdi. İlk növbədə nədən başladı? Azərbaycan xalqına dəstək göstərdiyi üçün təşəkkürünü bildirdi".

Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZTV-yə müsahibəsinə deyib:

"Prezident İlham Əliyevi niyə xarici aləmdən yönəldə, idarə edə bilmirlər? Onun yürütdüyü müstəqil siyasətə ciddi təsir göstərə bilmirlər? Ona görə ki, prezident İlham Əliyevin siyasətinin arxasında xalq dayanıb.

Azərbaycan siyasətində siyasi mədəniyyət, etika çərçivəsində siyasi mübarizə aparmaq, hakimiyyət uğrunda mübarizənin sivil davranış normalarını bərqərar etmək, Azərbaycanda partiyalararası əməkdaşlıq mühiti formalaşdırmaq siyasətinin təməlini ümummili lider Heydər Əliyev qoyub. Yadınıza gəlirsə, 1992-ci ildə ümummilli lider siyasi partiya yaradarkən heç zaman xalqı Elçibəy hakimiyyətinə qarşı səsləmirdi .

Prezident İlham Əliyevin rəqiblərini, opponentlərini heç zaman aşağılamayıb, təhqir etməyib. Əksinə, onların təhqirlərinə, prezidentlə bağlı yürütdükləri düşmənçilik siyasətinə həmişə konstruktivlik ruhu verməyə cəhd göstərib. Son innaqurasiyada da prezident həmin mədəniyyəti nümayiş etdirdi. Seçki zamanı onlar rəqib idilərsə, seçki bitdikdən sonra Azərbaycan vətəndaşlarıdır. Onların hər biri siyasi institutların rəhbərləridir, onların hər birinin arxasında 50-100-200 min seçici səsi var. Bu, Azərbaycan seçisinə olan hörmətidir.

Ona görə cənab prezident qeyd etdi ki, onların tənqidlərindəki bütün rasional təkliflər nəzərə alınacaq. Hazırda administrasiyada biz o təklifləri öyrənirik, təhlil edirik, sistemləşdiririk və müvafiq olaraq cənab prezidentə bununla bağlı məlumat veriləcək.

Mən Azərbaycan efirinin imkanlarından istifadə edərək bir daha o antimilli insanların fəaliyyətinə qayıtmaq istəmirəm. Onların bu seçki dövrü, elə indi də Azərbaycan dövlətinə, xalqına, mentalitetinə, milli mənəvi dəyərlərinə, əxlaqına zidd, ailədən, nəsildən nə öyrənmişdilərsə həmin mədəniyyətsizliyi nümayiş etdirirlər.