"Bir sıra əhəmiyyətli göstəricilər üzrə bəşəriyyət irəli yox, geriyə gedir: son 30 il ərzində həmişəkindən daha çox ölkədə münaqişə yaşanır".

Unikal.org  Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterriş Baş Assambleyada sülhün bərqərar olması və sülhün dəstəklənməsinə həsr olunmuş yüksək səviyyəli tədbirdə çıxış edərkən deyib.

İkigünlük müzakirələrə qatılmaq üçün Nyu-Yorka dövlət və hökumət başçıları, nazirliklər toplaşıblar. Baş Assambleyadan bildirilib ki, bu, Baş Assambleyada keçirilən həftəlik ümumi müzakirələrdən sonra təşkilatın ən böyük miqyasda təşkil etdiyi görüşdür. İştirakçılar arasında həmçinin siyasətçilər, ekspertlər, eləcə də alimlər və ictimai xadimlər də var.

Tədbirdə çıxış edən BMT baş katibi bildirib ki, şəhər sakinlərinin odlu silahdan açılan atəşlə öldürülməsi halları rekord həddə çatıb, zorakılıq, müharibə və təqibdən qaçaraq evlərini tərk etmək məcburiyyətində qalan insanların sayı əvvəlki bütün göstəriciləri üstələyib və sülhə nail olmaq üçün bunlarla mübarizə aparmaq lazımdır.

"Sülhün bərqərar olunması ilə bağlı məsələləri həll etmək üçün kompleks yanaşmadan istifadə etməliyik. Münaqişələrin qarşısının alınması isə prioritet olmalıdır", - Antoniu Quterriş deyib.

Qeyd edək ki, iki gün davam edəcək tədbirin proqramında açılış mərasimi və yüksək səviyyəli seqmentdən əlavə, sülhün bərqərar olunması və sülhün dəstəklənməsi üzrə interaktiv dialoqlar baş tutacaq.