"Azərbaycan təhsilində bir çox istiqamətlər üzrə müsbət dinamika müşahidə olunur. İslahatların dərinləşməsi və müsbət dinamikanın qorunub saxlanması əsas istiqamətlərdən biri olacaq".

Unikal.org-un xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq bir sıra istiqamətlər üzrə yeni qanunvericilik aktları qəbul olunmaqdadır.

C. Bayramov dünən Milli Məclisdə "Peşə təhsili haqqında" qanunun üçüncü oxunuşda qəbul edildiyini xatırladaraq qeyd edib ki, "Peşə təhsili haqqında" qanunun qəbulu ilə təhsil pillələri arasında keçid təmin olunacaq: "Habelə peşə təhsilinin müddətindən, proqramların məzmunundan asılı olaraq ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili olacaq. Eyni zamanda, qanuna əsasən yüksək texniki peşə təhsilinin subbakalavr pilləsi ilə uyğunlaşdırılması da nəzərdə tutulur".

Nazir həmçinin qeyd edib ki, "Təhsil haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketi hazırlanıb: 

"2009-cu ildə "Təhsil haqqında" qanunun qəbulundan sonrakı dövrdə sənədə bir sıra yeniliklərin edilməsi, bəzi dəqiqləşdirmələrin aparılması və Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrin icra edilməsinə ehtiyac var idi. Güman edirəm ki, yaxın zamanlarda "Təhsil haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketi baxılması üçün Milli Məclisə təqdim ediləcək. Qanuna dəyişiklik ediləndən sonra təhsilin əlçatanlığı təmin ediləcək, qabaqcıl beynəlxalq təcrübə Azərbaycan təhsil sistemində tətbiq olunacaq".