Bakıda maskalı şəxslər mağazaya basqın edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a bildirilib ki, aprelin 23-də DİN-in "102 Zəng Mərkəzi Xidmətinə Xətai rayonu ərazisindəki mağazaların birindən quldurluq yolu ilə pul aparılması barədə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, gecə saat 1 radələrində G.Mehmandarov küçəsindəki mağazaya gəlmiş 2 maskalı şəxs satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək kassadakı 230 manat pulu aparıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 35-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Fərid Hacıyev və əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə olduqları müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.