Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatında özünəməxsus yer tutan, zəngin mədəniyyəti, qədim tarixi və dövlətçilik ənənələri olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynamışdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində öz qədimliyini və tarixiliyini qorumaqla bu gün də sürətlə inkişaf edən Naxçıvan Muxtar Respublikasında əsaslı dəyişikliklər baş vermiş, sənaye məhsulunun həcmi 34,4 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 15,9 dəfə, o cümlədən tikinti quraşdırma işləri 15,2 dəfə artmış, irimiqyaslı infrastruktur layihələri yerinə yetirilmiş, elektrik stansiyaları istismara verilmiş, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilmiş, müasir avadanlıqla təchiz edilmiş idman kompleksləri, təhsil və səhiyyə müəssisələri, mədəniyyət və turizm obyektləri inşa edilmiş, yeni yollar çəkilmiş, istehsal müəssisələri yaradılmış, 72 mindən çox yeni iş yeri açılmışdır.

Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış məntəqələrində genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, istirahət bağları və parklar salınmış, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılmış, tarixi memarlıq abidələri bərpa edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10,0 (on) milyon manat ayrılsın.

Dövlət başçısı həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına təmin edilməsi, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azaldılması, ixracyönümlü məhsulların istehsal həcminin artırılması istiqamətində son illərdə mühüm addımlar atılmışdır. Respublikada müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi, on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi aqrar sektorun dayanıqlı inkişafı üçün zəmin yaratmış, kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının inkişafına xidmət edən aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin fəaliyyətə başlamasına imkan vermişdir.

2017-ci ildə Naxçıvan Muxtar Respublikasında mövcud potensialdan səmərəli istifadə olunmaqla görülmüş meliorativ tədbirlər nəticəsində 407 hektar sahədə su resurslarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması başa çatdırılmışdır.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Pivot layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ayrılsın.