Bakının Binəqədi rayonunda yaşayış binasında 15 nəfərin ölümü, 50 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsindən 3 il ötür.

Unikal.org xəbər verir ki, yanğının baş verməsinə səbəb yaşayış binasının üzləndiyi üzlüklər olub. Araşdırmalar zamanı həmin üzlüklərin yanğına davamlı olmadığı, əksinə, tez alışan material olduğu müəyyən edilib. Hadisə yerinə FHN-in 5 yanğınsöndürəni, helikopterlər cəlb edilib. Hadisədən dərhal sonra baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Prezidentin sərəncamı əsasında eks baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb.

Yanğından sonra həmin üzlüklərin istehsalçısı olan "Global Construction" şirkətinin rəhbəri iş üzrə şübhəli şəxs qismində saxlanılıb, prezidentin göstərişi ilə paytaxtdakı bütün üzlənmiş binaların üzlükləri sökülərək dəyişdirilib.

2017-ci il yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin binada üzləmə işlərini həyata keçirən "Global Construction şirkətin təsisçisi Miryusif Mahmudov 8 il, direktoru Uğur Bəşirov 5 il, müavin Ələkbər Əsgərov 4 il, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, JEK müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Binəqədi rayonunda yerləşən yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər həlak olmuşdur. Həmin şəxslərin şəxsiyyətləri aşağıdakı kimidir:

1. Məhərrəmova Fərəh Elnur qızı (3 yaş)

2. Bağırov Sahib Rəhim oğlu (49 yaş)

3. Bağırova Firəngiz Rəhim qızı (60 yaş)

4. Şirinova Zülfiyyə Yavər qızı (43 yaş)

5. Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş)

6. Eyvazov Davud Hamir oğlu (16 yaş)

7. Eyvazova Ülkər Hamir qızı (21 yaş)

8. Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq)

9. Kərimova Nazilə Malik qızı (39 yaş)

10. Kərimova Ayan Anar qızı (5 yaş)

11. Hüseynov Ayxan Şahin oğlu (2 yaş)

12. Həsənova Alla Antonovna (58 yaş)

13. Utuyevsil Yuri Vladimiroviç (67 yaş)

14. Boykova Lyubov Viktorovna (87 yaş)

15. Yəhyayeva Elmira Əliağa qızı (68 yaş).