19 Oktyabr 2018
20 Oktyabr 2018
Şəhid ailələrinə birdəfəlik ödəmələrlə bağlı iş gedir
KİVDF 11:42 / 19.05.2018

Mehman Muradlı: "Qanun şəhid olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləyir”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmənin həyata keçirilməsi üçün sərəncam imzalayıb. Artıq bu sərəncamdan irəli gələn tədbirlər həyata keçirilməkdədir. Belə ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

"Unikal”ın məlumatına görə, komissiyanın sədri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğının növbəti təzahürü olan 19 aprel 2018-ci il tarixli Fərmanın yüksək səviyyədə, vaxtında və tam şəffaf şəkildə icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb. Nazir bildirib ki, Komissiya Fərmanda nəzərdə tutulan, yəni 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi üzərində işi artıq yekunlaşdırır.

Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməli olan siyahıların formaları hazırlanıb və həmin qurumlara təqdim olunub. Bu qurumlar tərəfindən təqdim olunmuş siyahılar əsasında dəqiqləşdirmə aparılacaq və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı müəyyən edilərək Nazirliyin rəsmi saytında yerləşdiriləcək.Bundan sonra 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinin müvafiq sənədin alınması üçün notariat orqanlarına müraciət etmələri barədə KİV vasitəsilə geniş məlumatlandırmanın aparılması təmin ediləcək. Notariat orqanları tərəfindən vətəndaşlara vərəsəlik hüququnu təsdiq edən sənədlərin verilməsi də Nazirliyin rəsmi saytındakı siyahı əsasında həyata keçiriləcək.S.Babayev şəffaflığın tam təmin edilməsi üçün qeyd olunan prosesin elektron infrastruktur üzərində aparılacağını qeyd edib. Nazir vurğulayıb ki, notariat orqanları tərəfindən vərəsəliyi müəyyən edilmiş şəxslər, onlara dair şəhadətnamələr, digər müvafiq sənədlər dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə ötürüləcək. Birdəfəlik ödəmə ilə təmin olunacaq şəxslərin elektron qaydada növbəlilik siyahısı müəyyən edilərək nazirliyin rəsmi saytında yerləşdiriləcək və onların hər birinə bu barədə, yəni birdəfəlik ödəmələrlə təmin edilmələri üçün növbəyə götürüldükləri barədə bildiriş qəbzi göndəriləcək.

Bu prosesin cari ilin ikinci yarısında başa çatacağını qeyd edən S.Babayev həmin vaxtdan sonra, təqribən cari ilin son rübündən növbəlilik qaydasında birdəfəlik ödənişlərin həyata keçiriləcəyini bildirib.

İclasda Komissiya qeyd edilən layihəni bir daha nəzərdən keçirib, ayrı-ayrı məsələlər bir daha müzakirə edilib. S.Babayev Komissiya üzvlərinə aidiyyəti üzrə tapşırıqlarını verib, o cümlədən birdəfəlik ödənişlərin həyata keçirilməsi məqsədilə aparılan işlərin hər bir mərhələsində ictimaiyyətin geniş məlumatlandırılmasını tapşırıb.

Qeyd edək ki, Azərbayncanda şəhid ailələri hər zaman diqqət mərkəzində olublar. Bununla bağlı qanunvericilik bazası da formalaşdırılıb. 

Bu barədə fikirlərini "Unikal”la bölüşən hüquqşünas Mehman Muradlı deyib ki, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Onun sözlərinə görə, qanunvericiliyə görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir: "Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə bu şəxslər şəhid ailəsinin üzvləri hesab edilir. Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun nə deyir? 

Hüquqşünasın sözlərinə görə, Bu Qanunun 1-ci maddəsində göstərilən əlamətlər üzrə həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir:

qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması;

şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi.

Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir:

ailə başçısını itirməyə görə əmək pensiyası təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir;

Valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət təyin edilir;

işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir;

mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir,

həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilir;

dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar;

tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər.

M.Muradlı onu da nəzərə çatdırıb ki, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. O bildirib ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar: "Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilir. Bu Qanunun pozulmasına görə vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir”.

H.İsgəndərov