"İlk növbədə, Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə təbrik edirəm və Azərbaycan xalqına firavanlıq arzulayıram. Eyni zamanda, Sizi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə də təbrik etmək istəyirəm. Sizi əmin edirəm ki, Serbiya Azərbaycan üçün dost ölkədir. Biz burada - Azərbaycanda, Bakı şəhərində özümüzü ən yaxın dostlarımızın evində hiss edirik".

Unikal.org xəbər verir ki, bunu Bakıda səfərdə olan Serbiya Prezidenti Aleksandr Vuçiç mayın 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.

"Cənab Prezident, mən Sizin fəaliyyətinizə xüsusilə böyük önəm verirəm. Siz çox böyük səylər göstərirsiniz ki, ölkənizin suverenliyini və müstəqilliyini qoruyub saxlayasınız. Çünki hazırkı çox gərgin bir şəraitdə Siz ölkənizi firavanlıq yolu ilə irəli aparırsınız. Bununla yanaşı, Sizin siyasətinizi dəstəkləyən bütün ölkələrlə yaxşı münasibətlər qurmusunuz. Bu, olduqca çətin bir məsələdir. Biz Serbiya olaraq bu siyasətə böyük önəm verir və hörmət bəsləyirik.

Hesab edirəm ki, bizim birgə görəcəyimiz işlər kifayət qədərdir. Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək bir çox işlər var. Eyni zamanda, bizim də burada görə biləcəyimiz işlər çoxdur. Düşünürəm ki, iqtisadiyyatımız gücləndikcə serb şirkətləri Azərbaycana cəlb oluna bilər.

Məlumat vermək istərdim ki, bu il bizim iqtisadi artımımız 4,5 faizə bərabər olmuşdur. Məndə olan məlumata görə, Sizin də qeyri-neft sektorunda 3 faiz artım olmuşdur. Bu münasibətlə də Sizi səmimi qəlbdən təbrik edirəm", - dövlət başçısı vurğulayıb.