SON XƏBƏRLƏR
16 Avqust 2018
“Şahdəniz-2” layihəsi yaxın günlərdə başa çatacaq" - İlham Əliyev (YENİLƏNİB - FOTOLAR)
SİYASƏT 16:59 / 21.05.2018
Mayın 21-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.

Unikal.org xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, ilk növbədə, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin nəticələri Serbiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni imkanlar açacaqdır.

Biz strateji tərəfdaşıq və bu gün imzalanan sənədlər arasında strateji tərəfdaşlıq üzə Birgə Fəaliyyət Planı imzalanmışdır. Bu, çox geniş və əhəmiyyətli sənəddir. Bu sənəddə bizim gələcək əməkdaşlığımızla bağlı bütün önəmli məsələlər öz əksini tapmışdır.

Biz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik. Bütün önəmli məsələlərdə bir-birimizə dəstək göstəririk. Ölkələrimizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Üzləşdiyimiz münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrimizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində öz həllini tapmalıdır. Bu məsələ ilə bağlı biz daim bir-birimizə qarşılıqlı dəstək göstəririk və bundan sonra da göstərəcəyik.

Bu gün müzakirə olunan məsələlər arasında bizim iqtisadi əməkdaşlıq məsələləri də geniş yer almışdır. Biz bu istiqamətdə atılan addımları yüksək qiymətləndiririk. Ancaq, eyni zamanda, tam əminik ki, mövcud ticarət dövriyyəsi bizim iqtisadi potensialımızı əks etdirmir. Artım var, ancaq mütləq rəqəmlər hələ də çox aşağıdır. Ona görə əminəm ki, səfər zamanı müzakirə olunan və olunacaq məsələlər gələcəkdə ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq, bunun üçün yaxşı imkanlar var.

Energetika sahəsində əməkdaşlıq üçün perspektivlər ümidvericidir. Bu məsələ imzalanan Fəaliyyət Planında öz əksini tapmışdır. Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır və fəal iştirakçısıdır. Onların arasında "Cənub Qaz Dəhlizi” layihəsi xüsusi yer tutur. Gələn günlər ərzində biz artıq "Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik. Gələn ay TANAP layihəsi istismara verilməlidir. Beləliklə, Cənub Qaz Dəhlizinin əsas layihələri artıq başa çatmış olacaqdır. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsidir. Bu nəhəng enerji layihəsi geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərmişdir. Hazırda bizim regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır.

Ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə bağlı Bakıda mərasim keçirilmişdir. Bu yol da çox böyük əhəmiyyətə malikdir. Bu yolun fəaliyyətə başlaması nəticəsində Asiya ilə Avropa Azərbaycan və digər ölkələr üzərindən bir-biri ilə bağlanır. Bu, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yoldur. Yüklər artıq bu yol vasitəsilə daşınır və yüklərin həcmi getdikcə daha da artacaq. Əlbəttə ki, biz Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görürük. Hesab edirəm, bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışıqlara başlaya bilərlər ki, biz yükdaşımalarını artıra bilək. Beləliklə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri geniş əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, turizmin inkişafına təkan verəcək, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və beləliklə, bölgəmizdə, Avrasiya məkanında sabitliyi möhkəmləndirəcək, təhlükəsizliyi təmin edəcəkdir.

Serbiya ilə Azərbaycan arasındakı əlaqələrdə humanitar sahə çox önəmli yer tutur. Cənab Prezident, bilirəm ki, Siz Azərbaycan Dillər Universitetində "Serb Dili və Mədəniyyəti Mərkəzi”nin açılışında da iştirak edəcəksiniz. Əminəm, bilirsiniz və görəcəksiniz ki, Sizin xalqınıza, xalqınızın mədəniyyətinə, ədəbiyyatına Azərbaycanda çox böyük maraq, böyük hörmət var. Humanitar sahədə mövcud olan əlaqələr xalqlararası əlaqələrin inkişafında mühüm yer tutur.

Hesab edirəm ki, turizm sahəsinin qarşılıqlı şəkildə inkişaf etdirilməsi həm ölkələrimizə gəlir gətirəcək, həm də insanlar bir-birini daha yaxından tanıyacaqlar, dost olacaqlar, necə ki, bizim ölkələr. Bizim ölkələrimiz dost ölkələrdir, qeyd etdiyim kimi, strateji tərəfdaşlardır. Əminəm, səfərdən sonra əlaqələrimizə yeni dinamika, yeni təkan veriləcəkdir ki, Serbiya ilə Azərbaycan daim bir-birini dəstəkləyən, bir-birinə kömək edən ölkələr kimi fəaliyyət göstərsinlər.

Sizin ölkənizdəki işlərlə bağlı apardığınız siyasəti biz yüksək qiymətləndiririk. Siz Serbiyanın müstəqil siyasətini müdafiə edirsiniz, ölkənizi inamla idarə edirsiniz. Xalq Sizə böyük dəstək göstərir. Sizin siyasətiniz Serbiya xalqı tərəfindən yüksək qiymətləndirilir. Biz Sizin dostlarınız kimi buna sevinirik. Əminik ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da Sizin gündəliyinizdə önəmli yer tutacaqdır. Serbiya ilə əlaqələr bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gələcəkdə bu əlaqələrin uğurlu inkişafı üçün bütün imkanlar, şərait var. Əsas odur ki, çox güclü qarşılıqlı müştərək iradə var. Hesab edirəm ki, biz gələcək illəri də bu arzularla yaşayacağıq, Serbiya-Azərbaycan əlaqələrini inkişaf etdirəcəyik. Sağ olun.

X X X

Sonra Serbiya Prezidenti bəyanatla çıxış etdi.

Prezident Aleksandr Vuçiçin
bəyanatı
- Hörmətli cənab Prezident, əziz dostum cənab Əliyev.

Sizə bu səmimi və xoş sözlərinizə görə təşəkkür etmək istəyirəm. Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümü ifadə etmək istərdim.

Düşünürəm ki, mən Sizin Prezident seçilməyinizdən sonra ölkənizə səfər edən ilk dövlət başçısıyam. Bu, mənim üçün çox böyük şərəfdir. Azərbaycan ilə dostluq münasibətlərinin inkişafı bizim üçün çox vacibdir. Bu, bizim dövlətlərimizin və xalqlarımızın maraqlarına tam uyğundur. Bizim əməkdaşlığımız üçün çox böyük meydan var. Məhz bu səbəbdən də mən bizim hökumətimizin demək olar ki, tam yarısı ilə Azərbaycana səfərə gəlmişəm. Çünki biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik.

Mənim ölkəmin müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə görə minnətdarıq. Biz də öz növbəmizdə Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik. Hər iki ölkənin bu mövqeyi dəyişməz olaraq qalacaqdır. Cənab Prezident, biz Sizin siyasətinizi çox yüksək qiymətləndiririk. Siz elə bir şəxsiyyətsiniz ki, ölkənizin müstəqilliyini qoruyursunuz, öz azadlığınızı qoruyursunuz və vətəndaşların firavanlığı naminə əlinizdən gələni edirsiniz. Çünki Sizin ölkəniz olduqca mürəkkəb regionda, müxtəlif regionların kəsişməsində yerləşir və Siz ölkənizi nümunəvi şəkildə qoruyub saxlaya bilmisiniz.

Eyni zamanda, iqtisadi maraqlarınız da təmin edilir. Münasibətlərimizin təkmilləşdirilməsində bizim böyük potensialımız var. Bu yaxınlarda bizim hökumətlərarası komissiyanın iclası olacaqdır. Sonuncu iclas 2015-ci ildə olmuşdur. Düşünürəm ki, müxtəlif nəqliyyat layihələrinin icrasında fəal əməkdaşlıq edə bilərik. Azərbaycan şirkəti Serbiyada yol tikintisində uğurla fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı sahəsində, mədəniyyət, idman və digər sahələrdə daha böyük nailiyyətlər əldə edə bilərik. Təbii ki, bizim hərbi-texniki və hərbi təhsil sahələrində də böyük potensialımız var. Düşünürəm ki, bunlar da çox vacib sahələrdir.

Çox müsbət haldır ki, ölkələrimiz arasında heç bir mübahisəli məsələ yoxdur. Biz müxtəlif beynəlxalq təşkilatlarda bir-birimizi tam şəkildə dəstəkləyirik.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizi burada, media qarşısında Serbiyaya rəsmi səfərə dəvət edirik. Siz orada bizim xalqın qonaqpərvərliyinin, həm Sizə, həm də ölkənizə olan rəğbət və ehtiramın şahidi olacaqsınız. Azərbaycan bizə dost ölkədir və tezliklə Sizi Belqradda görmək ümidindəyik.

Sizi təbrik edirəm ki, ölkənizin qeyri-neft sektorunda 3 faizlik artım qeydə alınıb. Görürəm ki, Siz iqtisadiyyatın şaxələndirilməsinə böyük önəm verirsiniz. Bu da əsl siyasi rəhbərə xas olan bir xüsusiyyətdir. Bizim yaxşı münasibətlərimiz var. Artıq üç ildir ki, bizim büdcəmizdə artım müşahidə olunur. Bu da bizə daha yüksək səviyyədə qarşılıqlı sərmayə qoyuluşu baxımından yaxşı imkanlar yaradır.

Cənab Prezident, səmimi dostluğa görə Sizə bir daha təşəkkürümü bildirirəm və Sizi tezliklə Belqradda görmək ümidindəyəm. Sağ olun.