SON XƏBƏRLƏR
20 Iyun 2018
Səfər Mehdiyev Kestutis Yankauskası qəbul etdi
CƏMİYYƏT 17:54 / 21.05.2018
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Avropa İttifaqının (Aİ) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə unikal.org-a DGK-dan məlumat verilib.

Məlumata görə, S.Mehdiyev Azərbaycan hökumətinin Avropa İttifaqı ilə uğurlu əməkdaşlığından bəhs edib, bu əməkdaşlığın daim diqqətdə saxlanıldığını söyləyib. Komitə sədri tərəflər arasında əlaqələrin bütün sahələri əhatə etdiyini vurğulayıb, bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

DGK sədri Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin önəmini qeyd edib, bu əlaqələrin gömrük işi sahəsində də yer aldığını və ötən dövrdə həyata keçirilən bir neçə layihənin ölkədə dünya standartlarına cavab verən müstəqil gömrük sisteminin qurulması işinə öz töhfəsini verdiyini vurğulayıb.

Hazırda qüvvədə olan yeni Gömrük Məcəlləsi layihəsinin Aİ və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində hazırlandığını xatırladan S.Mehdiyev göstərilən dəstəyə görə Aİ-na minnətdarlığını ifadə edib. DGK sədri, həmçinin hazırda BMT-nin İnkişaf Proqramı və DGK-nın birgə icra etdiyi "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsini də Aİ-nın maliyyələşdirdiyini bildirib və bu əməkdaşlığın gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu söyləyib.

Komitə sədri Azərbaycanın Avropada tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) üzv olmasının həm gömrük orqanlarının, həm də biznes subyektlərinin fəaliyyətinin asanlaşdırılmasına və şəffaflığn təmin edilməsinə münbit şərait yaradacağını bildirib.

S.Mehdiyev Azərbaycanda bütün sahələrdə həyata keçirilən şəffaflıq siyasətinin gömrük sistemində də uğurla tətbiq edildiyini, bu sahədə Avropadakı qabaqcıl təcrübədən yararlanmanın və qarşılıqlı təcrübə mübadiləsinin beynəlxalq ticarət zəncirinin asanlaşdırılması və sürətləndirilməsində mühüm rol oynayacağını diqqətə çatdırıb.

K.Yankauskas isə Azərbaycan ilə Aİ arasında əməkdaşlıq əlaqələrinin qarşılıqlı faydaya və ümumi dəyərlərə əsaslandığını, bu əlaqələrin yalnız ticarət və energetika sahələrilə məhdudlaşmadığını və geniş sahələri əhatə etməsindən məmnunluğunu bildirib. Təmsil etdiyi qurumla Azərbaycan Gömrük Xidməti arasında da səmərəli əlaqələrin qurulmasından razılığını ifadə edən səfir bu əlaqələrin gələcəkdə də faydalı əməkdaşlıq şəraitində davam etdiriləcəyinə əmin olduğunu deyib.

K.Yankauskas tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların araşdırılmasının önəminə toxunub və Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin daha da fəallaşması işinə töhfəsini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan Gömrük Xidməti və Aİ arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.