Ötən həftənin sonundan Bakı bazarlarında yerli kartofun kiloqramı kəskin ucuzlaşaraq 30-40 qəpiyə düşüb. Rayonlarda isə kartofun topdansatış qitməti 15-16 qəpikdir. Bu isə faraş karfotçuluqla məşğul olan fermerlərə ciddi ziyan vurub.

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, sosial şəbəkərlərdə kartofun qiymətinin ucuzlaşmasına özünəməxsus şəkildə etiraz edən cəliladablı kəndlinin görüntüləri yayılıb. Görüntülərdə kəndli kartofa ağı deyir: "Azot qalmadı zırradıq, indi Moskvada kartofun kilosu 20 rubla düşüb, o da manatla 40 qəpik edir. Kartof mövsümündə qazanıb, əkin üçün bankdan götürdüyümüz krediti ödəyəcəkdik. Lay-lay "Qızılgül sortum lay-lay...

Məsələni araşdırdıq və məlum oldu ki, Cəlilabad rayonunun kartofçu fermerlərinin halı doğrudan da ağlamalıdır, acınacaqlıdır. Çünki məhsul bol olsa da qiymətin kəskin aşağı düşməsi nəticəsində fermerlər çəkdikləri xərci belə ödəyə bilməyəcək və iri məbləğdə ziyana düşəcəklər. Becərilən kartof isə sahələrdə qalıb çürüməkdədir.

30 ilə yaxındır kartofçuluqla məşğul olan cəlilabadlı fermerlərdən biri adının açıqlanmaması şərti ilə deyib ki, kəskin ucuzlaşma əkcə məhsul bolluğu ilə bağlı deyil. O deyir ki, bu mövsümdə hər hektara 5500 manat xərcləyib və kartofun 1 kiloqramının maya dəyəri ona təxminən 18-20 qəpiyə başa gəlib.

"Cəlilabaddakı fermerlərin 80 faizi kartof əkinindən dolanır, məhsullar Rusiya bazarına çıxarılır. Builki mövsümdə 1 hektardan 25 ton məhsul götürmüşəm, amma sata bilmirəm. İndi bütün fermerlər çıxılmaz durumdadır, tonlarla məhsul yığılıb, nə edəcəyimizi bilmirik, -fermer deyib.

Belə məlum olur ki, Cəlilabad kartofunu Rusiyaya aparıb satmaq indi sərfəli deyil. Fermerin sözlərinə görə, Rusiyaya xüsusi soyuducusu olan maşınlarda kartof daşıyırlar, amma bir neçə gün əvvəl belə maşınlar qiyməti kəskin artırıb: "Ötən həftə 2200 dollar maşına görə ödəmişdik, dünən isə dedilər ki, yol xərci 1000 dollar bahalaşıb. Üstəlik 1300 dollar əlavə dəyər vergisi veririk. Bu isə kartofun qiymətini hər kiloqrama görə 5 rubl artırır. Nəticədə alıcı itiririk. Xüsusi soyuducusu olan maşınlar bir qrup şəxsin nəzarətindədir. Onlar həm Dağıstandan, həm də Azərbaycandan məhsul aparırlar.

Fermer əlavə edir ki, dövlət yanacaq və motor yağlarına görə hər hektara 50 manat ödəyir. Amma 5500 manatın qarşılığında 50 manat heç nəyə yaramır. "Toxumu vaqonla xaricdən gətiririk, 2500 dollar da buna görə əlavə ödəmişik. Bu da kartofun qiymətini 4-5 qəpik artırır, -şikayətçi söyləyib.

Bu il Cəlilabadda 7 min hektar ərazidə kartof əkilib, məhsuldarlıq isə 25 sentner olub: "Təkcə Cəlilabadda becərilən kartofu Bakı bazarına çıxarsalar, bütün prospektlər kartofla dolar. Hələ üstəlik bizə məsləhət görürlər ki, alıcılarınızı özünüz tapın. Dövlətin dəstəyi çəkilən xərclərin mində birini ödəmir.

Kənd Təsərrüfatı Nazirliyinin icmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə isə deyir ki, ucuzlaşma birbaşa məhsul bolluğu ilə bağlıdır. Çünki bu il əlverişli hava şəraitinə görə məhsuldarlıq yüksək olub. Faraş kartof əsasən Cəlilabad və Şəmkirdə yetişir. Keçən ilin bu vaxtında kartofun qiyməti 80 qəpiyə olub, bu il bol olduğundan ucuzlaşıb.

Fikrətzadə əlavə edib ki, bu ilin 4 ayında 7 min 700 ton kartof ixrac olunub: "İxrac çox ola bilərdi, sadəcə, Rusiyada rublun məzənnəsi düşdü, ixrac iqtisadi baxımdan sərf etmədi. "Ötən ilin 4 ayında 3 min ton kartof ixrac olunmuşdu. Xaricdən idxal olunan məhsulda azalma var, -şöbə müdiri əlavə edib.

Nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov isə əlavə edib ki, kəndli-fermerə bazar tapmaqda kömək edə bilərlər. Bunun üçün nazirliyə müraciət etməlidirlər. Nazirliyin təşkil etdiyi kənd təsərrüfatı yarmarkasında fermerlərə məhsulunu satmasına şərait yaradılar.

Cümşüdov deyir ki, kartofun aqrotexniki qaydalarına düzgün əməl etdikdə məhsuldarlıq bol olur, nəticədə maya dəyərini çıxara bilərlər.