Xaçmaz rayonunda oğurluqda təqsirləndirilən 1995-ci il təvəllüdlü Valeh Mirzəbabayev, 1990-cı il təvəllüdlü Anar Hacıyev, 1987-ci il təvəllüdlü Ruhid Xeyrullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org Teleqraf.com-a sitinadən xəbər verir ki, Valeh Mirzəbabayev 23 dekabr 2016-cı il tarixdə, saat 21 radələrində həmkəndliləri Nurlan Məmmədov, Anar Hacıyev və Ruhid Xeyrullayev ilə əlbir olub.

Onlar Ruhid Xeyrullayevin idarə etdiyi "VAZ " markalı avtomobillə Xaçmaz rayonunun Ağtala kəndində yaşayan Alik Mustafayevin evinin yaxınlığına gəliblər.

Bundan sonra Nurlan Məmmədov, Anar Hacıyev və Ruhid Xeyrullayev avtomobilin salonunda pusquda dayanaraq gözləyiblər. Valeh Mirzəbabayev Alik Mustafayevin yaşadığı evin ikinci mərtəbəsindəki eyvandan içəri girib, oradan 4 kisə fındıq oğurlayıb. İstintaq sənədlərinə görə, bununla Alik Mustafayevə 660 manat məbləğində maddi ziyan vurublar.

Daha sonra Valeh Mirzəbabayev həmin il dekabrın 31-də Nurlan Məmmədov, Anar Hacıyev və Ruhid Xeyrullayev ilə birlikdə Xaçmaz rayonunun Həsənqala kəndində yaşayan Qocabəy Manafovun evindən 1293 manat, 2017-ci il yanvarın 1-də Qusarçay kəndində yaşayan Telman Zəkiyevin evindən 562 manat dəyərində fındıq oğurlayıblar.

İstintaq orqanı təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək), 177.2.2-ci (təkrar oğurluq törətmək) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Anar Hacıyev bildirib ki, 2016-cı ilin dekabrın ortalarında Qusarçay kəndində bir çayxanada Nurlanla söhbət edib: "Nurlan mənə pula ehtiyacı olduğunu deyərək, evlərdən oğurluq təklifi etdi. Nurlanla razılaşdım. Səhəri gün həmin çayxanada Valehlə görüşdüm. Söhbət zamanı borcum olduğunu dedim, Valehə evlərə girib, oğurluq etməyi təklif elədim. Valeh də mənimlə razılaşdı.

Nurlanın da bizimlə birlikdə oğurluğa gedəcəyini Valehə dedim. Oğurluğa Ruhidin avtomobili ilə getməyi qərarlaşdırdıq. Səhəri gün Ruhidlə danışdım.

Anar Hacıyev qeyd edib ki, dekabrın 23-də axşam saatlarında Qusarçay kəndi ərazisində dəmir yolunun yaxınlığındakı çayxanada söhbət zamanı Valeh birlikdə Xaçmaz rayonunun Nərəcan kəndi istiqamətinə gedərək, gəzməyi təklif etdi: "Biz də Valehlə razılaşdıq. Bir qədər keçdikdən sonra Ruhid idarə etdiyi "Vaz-21063 markalı avtomobillə bizim olduğumuz yerə gəldi. Biz Nərəcan kəndi istiqamətinə yola düşdük.

Nərəcana çatdıqdan sonra Xaçmaz rayonunun Ağtala kəndinə gəldik. Təxminən saat 21 radələrində Ağtala kəndinə çatdıq. Valeh avtomobildən düşdü. Ruhid isə maşınını evdən bir qədər aralıda yolun kənarında saxladı. Biz Valehi maşında gözlədik. Təxminən 30 dəqiqə sonra Valeh mənə zəng vurdu, həmin evdən 4 kisə fındıq oğurladığını, aparmağa kömək etməyimi istədi.

Valehin oğurluq etdiyi yerə gəldik. Fındıq kisələrini maşına yığaraq Qusarçay kəndinə getdik. Dəmiryolunun yaxınlığına çatanda Nurlanla Valehə həmin yerdə düşərək, gözləmələrini, oğurladığımız fındıqları tanış adama satandan sonra ora gələcəyimizi dedim.

Nurlanla Valehi düşürdükdən sonra mənimlə Ruhid fındığı satmaq üçün Qorxmaz adlı şəxsin yanına getdik. Qorxmaza 4 kisə fındığı 502 manata satdım.

Təqsirləndirilən şəxs bildirib ki, 2016-cı ilin dekabrın axırlarında Qusarçay kəndində Nurlan və Valehlə görüşüb: "Onlarla söhbət edəndə Nurlan bizə Xaçmaz rayonunun Həsənqala kəndində olan evlərin birindən fındıq oğurlamağı təklif etdi. Biz də təkliflə razılaşdıq.


Bir neçə gün sonra Ruhidin maşını ilə Həsənqala kəndinə yollandıq. Həsənqala kəndində Valeh bizə oğurluq edəcəyimiz evi göstərdikdən sonra Qusarçay kəndinə gəldik. Ruhid bizi düşürtdükdən sonra getdi.

Anar Hacıyevin sözlərinə görə, dekabrın 31-də saat 23:30 radələrində Valeh və Nurlanla birlikdə Ruhidin maşını ilə Həsənqala kəndinə gəliblər: "Valehi əvvəlcədən göstərdiyi evin yanında düşürtdük. Biz isə 15-20 metr məsafə aralıda maşını saxlayaraq gözləməyə başladıq. Bir müddətdən sonra Valeh yanımıza gəldi. Birlikdə maşınla kisələrin yığıldığı yerə qayıtdıq.

Fındıqları maşına yığdıqdan sonra Qusarçay kəndinə gəldik. Valeh fındıqları Qusarçay kəndindəki onlara məxsus yaşayış olmayan köhnə evə yığmağı, səhəri gün isə satmağı təklif etdi. 7 fındıq kisəsini həyətdəki tövləyə yığdıq. Səhər tezdən görüşərək onları satmağa razılaşdıq.

Anar Hacıyev qeyd edib ki, yanvarın 1-də Valeh onlara atasının fındıq saxlanan evdə olduğunu, kisələri gördüyünü, ona görə də həmin evə gedə bilməyəcəklərini deyib: "Mən və Nurlan Valehə inanmadıq, ona oğurladığımız fındığa görə bizə çatacaq pulu qısa müddət ərzində düzəldib verməli olduğunu dedik. Yanvarın 3-də axşam saatlarında yaşadığımız evə polis əməkdaşları gəldi, məni Xaçmaz rayon polis şöbəsinə apardılar. Törətdiyim cinayət əməlindən peşmanam.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Valeh Mirzəbabayev 1 il 9 ay və 3020 manat cərimə, Anar Hacıyev 1 il 9 ay, Ruhid Xeyrullayev isə 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilən Nurlan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Hökmdən narazı qalan Valeh Mirzəbəyov, Ruhid Xeyrullayev və Anar Hacıyev tərəfindən apelyasiya şikayəti veriblər. Onlar barələrində ədalətli qərar qəbul edilməsini xahiş ediblər.

Onların şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb.

Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Məhkəmə Anar Hacıyev və Ruhid Xeyrullayevin hər birinin barısində olan cəza 3 ay 28 gün müddətinə endirilməsi, həmçinin onların hər birinin 1500 manat cərimə cəzası təyin edilməsi barədə qərar qəbul edilib.

Məhkəmə hər iki təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, onlar məhkəmə zalından azadlığa buraxılıb.

Valeh Mirzəbalayevin apelyasiya şikayəti təmin edilməyib.