SON XƏBƏRLƏR
25 Sentyabr 2018
Direktordan müəllimin ittihamlarına CAVAB: "Özünü reklam etmək istəyir"
MÜSAHİBƏ 10:07 / 24.05.2018
Sosial şəbəkələrdə məşhurlaşan orta məktəb müəllimi Həbib Əlizadə polisə çağırılıb. Buna səbəb məktəb direktorunun ondan şikayət etməsi olub. Bu barədə müəllim özü "facebook" hesabında məlumat yayıb.

Məsələ ilə bağlı Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov unikal.org-un suallarını cavablandırıb:

-Həbib Əlizadəni polisə şikayət etməyinizə səbəb nə oldu?

O, müəllim məktəbin rəhbərlyini, təhsil şöbəsini saymır. Uşaqları özbaşına ekskursiyaya aparmaq istəyir. Bu nə deməkdir? 30 nəfər şagirdin taleyi ilə oynamaq olarmı?

-Müəllimin dediyinə görə o, ekskursiyanı təhsil şöbəsinin razılığı olduğu halda təşkil etmək fikrində olub. Sizcə Həbib Əlizadə Təhsil Şöbəsinin razılığı olmadan Bakıya şagirdləri apara bilərdi?

İndiyə kimi Təhsil Şöbəsindən icazə almamışdısa, nə zaman icazə alacaqdı? O, müəllim yalan danışır. Onun nə ixtiyarı var ki, "facebook"a mənim şəklimi qoysun? O mənim haqqımda ağzına gələni dediyi üçün onu məhkəməyə verəcəm. O qanun qarşısnda cavab verəndə məsələnin ciddiliyini biləcək.Onun ixtiyarı yoxdur mənim şərəf və ləyaqətimi alçaltsın.

-Müəllimin sizə qarşı bu cür addım atmasına səbəb nədir? 

Təbii ki, Həbib bu cür etməklə məşhurlaşmaq istəyir. Onun məşhurlaşmaqdan başqa mqsədi ola bilməz. O, ancaq özünü reklam etmək istəyir. Onun bu tip hərəkətlər etməsinin mahiyyəti budur.

-Siz polisdən əlavə Təhsil Şöbəsinə şikayət etmisiniz?

Mən məlumat vermişəm ki, sabah hansısa hadisə olsa onun məsuliyyəti məktəb rəhbərliyinin üzərində qalmasın. Sabah mənim yaxamdan yapışacaqlar. Həbibi tanıyan olmayacaq.

-Təhsil Şöbəsi müraciətinizə cavab veribmi?

Təhsil Şöbəsi yəqin ki, onun qanunsuz hərəkətlərinə hüquqi qiymət verəcək.

-Həbib Əlizadə fəalliyyətlərinə görə 2 fevral Gənclər günü ilə bağlı Təhsil naziri Ceyhun Bayramov tərəfindən təltif olunduğunu qeyd edir. Təhsil Nazirliyinin mükafatlandırdığı müəllim qanunsuz hərəkət edərmi?

O, mükafat alıb deyə ağlına nə gəlir onu etməli deyil. Mükafat alan müəllim də həddini aşmamalı, yerini bilməlidir. Mükafat alan adam ürəyi istəyəni etməməlidir
.
-Bundan sonra adıçəkilən müəllimlə bağlı hansı addımı atmaq fikrindəsiniz?

Aidiyyatı orqanlar, Təhsil Nazirliyi məsələdən xəbərdardır. Ümid edirəm ki, Həbib Əlizadə etdiyi əməllərinə görə cavab verəcək.

Famil Fərhadoğlu