Mayın 24-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüblər.

Tədbiri giriş nitqi ilə açan Süleyman Mikayılov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirib, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirib.

Millət vəkili Aydın Hüseynov çıxışı zamanı qeyd edib ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalıb.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Sahil qəsəbəsindəki 28 nömrəli musiqi məktəbinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş klassik əsərlərdən ibarət musiqi proqramı təqdim olunub.