Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında Bolqarıstanı məğlub edib

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II dövrəyə start verilib.

Unikal.org-un məlumatına görə, Azərbaycan millisi IV turda Bolqarıstanı qəbul edib.

Qrupda son ev qarşılaşması yığmamız üçün xüsusi əhəmiyyətli idi. Çünki komandamız səfərdəki 1:3 hesablı məğlubiyyətin revanşını ala bilməsə, liderlik şansından, demək olar ki, çəkiləcəkdi. Bu da voleybolçularımıza növbəti mərhələyə keçmək yolunda böyük əngəl ola bilərdi.

Amma Faiq Qarayevin yetirmələri buna imkan verməyib. Rəqibi qarşısında üstün oyun sərgiləyən komandamız 3:1 hesablı qələbə ilə səfərdəki məğlubiyyətin revanşını alıb.

Qeyd edək ki, qrupdakı digər oyunda Ukrayna Portuqaliyaya qalib gəlib - 3:1.