Fermerlərin "Torpaqda nə əksəm sərfəli olar? kimi suallar ətrafında çox düşünməsinə ehtiyac yoxdur. Bu işləri Əmlak Məsələləri Dövlət Komitəsinin stasionar və mobil torpaq və bitki laboratoriyaları həyata keçirir. 

Belə ki, mobil laboratoriyalar torpaqların münbitlik və keyfiyyət göstəricilərini əvvəlcədən müəyyənləşdirir. Eyni zamanda mobil laboratoriyalar vasitəsilə çöl-geobotanik tədqiqatı işləri aparılır. Xidmətin əsas üstünlüyü isə bir başa olaraq kəndlinin torpaqlarında, əkin biçin yerlərində göstərilməsidir. Həmçinin istənilən kəndlinin, fermerin bu laboratoriyaların xidmətindən yararlanmaq imkanı var.

Mobil laboratoriyalar mövsüm ilə əlaqədar vətəndaşlara daha yaxın olub. Əkin-biçin işlərinin sürətləndirilməsi ilə bağlı mobil laboratoriyalar fəaliyyətini genişləndirib, operativliyi artırıb.

Mobil laboratoriyaların növbəti ünvanı mayın 31-də Yevlax rayonu olub. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mobil laboratoriyalar bir başa olaraq kəndlinin əkin sahələrinə gedib. İri pambıqçılıq, taxılçılıq, yonca sahələrində, o cümlədən kiçik təsərrüfatlarda, bağlarda, həyətyanı torpaqlarda analizlər aparılıb, əkin yerlərinin keyfiyyət və münbitliyi ölçülüb. Eyni zamanda sahələrdə bitkilərin də analizləri aparılıb.
Rayonun iri taxılçılıq və pambıq sahələrində olan mobil laboratoriyalar torpağın münbitliyini, quraqlıq və şoranlaşma dərəcəsini müəyyənləşdiriblər. Məhsuldarlıqla bağlı düzgün qərarların qəbulu üçün torpaq analiz edilib, onun münbitliyinin artırılması ilə əlaqədar tövsiyələr, təkliflər verilib.
Kiçik təsərrüfatlarda, kəndlinin torpaqlarında da xidmət göstərən mobil laboratoriyalar torpağın "qida rasionu, əkin sahələrinin yararlı olub olmaması düzgün müəyyənləşdirib. Torpaq nümunəsi mobil laboratoriyalarda quraşdırılmış modern cihazlar vasitəsilə yerindəcə analiz edilib. Analizlər nəticəsində torpaqların ən vacib göstəriciləri - ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, nəmliyi, temperaturu təyin olunub. Fermerlərə təhlillərin cavabını əks etdirən sənədlər təqdim edilib.

Kəndlilər yaxşı məhsul almaq üçün lazımi, o cümlədən aqrokimyəvi tədbirlər barədə də operativ olaraq məlumat alıblar. Əkin sahəsinə gələn mobil laboratoriyalar əsasında torpaqların üzvi, mineral gübrələrə olan tələbatı müəyyən edilib. Fermerlər torpaqların məhsuldarlığını artırmaq üçün onlara necə qulluq etməli və hansı gübrəni verməli olduğunu öyrəniliblər. Nəticədə isə fermerin həm məhsulu bol olur, həm də vəsaiti itkiyə getmir.

Mobil laboratoriyaların əsas məqsədi torpaqların keyfiyyət göstəricilərinin, münbitliyinin artırılması, əkin işləri zamanı səmərəliliyin maksimum səviyyəyə çatdırılmasına nail olmaqdır. Bu xidmətin birbaşa olaraq kəndlinin əkin-biçin yerlərində keçirilməsi əsasən fermerlərin işinin yüngülləşməsinə, bu sahədə daha çevik məsləhətlərin verilməsinə şərait yaradır.

Bundan başqa vətəndaşlar əkin məqsədilə torpaqları istifadə etməmişdən öncə də mobil laboratoriya xidmətindən istifadə edə bilərlər.

Ümumilikdə mobil laboratoriyalar vasitəsilə 4 rayonda 20 min hektara yaxın ərazidə tədqiqat işləri aparılıb. Bunun da çox hissəsi pambıq sahələrinin, qalanı isə taxılçılığın tütünçülüyün, baxçılığın və digər əkin-biçin yerlərinin payına düşür.

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların keyfiyyətinin öyrənilməsi məqsədilə təkcə səyyar torpaq laboratoriyasının imkanlarından deyil, həm də Bakıda fəaliyyət göstərən stasionar laboratoriyalardan istifadə etməklə fermerlərə xidmət göstərir. Mobil laboratoriyalardan fərqli olaraq stasionar laboratoriya dövlət sifarişi əsasında iri miqyaslı çöl-torpaq tədqiqatı işlərinin yerinə yetirilməsini təmin edir. İndiyədək ¬¬¬¬¬¬¬¬38 rayonda 2 milyon hektara yaxın çöl-torpaq, 45 regionda isə 2,3 milyon hektar çöl-geobotanik tədqiqatı işləri başa çatıb. Aparılan bu işlər nəticəsində isə torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazası hazırlanır, münbitlik və şorlaşma xəritələri tərtib edilir.

Mülkiyyətçilər torpaq analizlərinin aparılması, onun keyfiyyətinin müəyyənləşdirilməsi məqsədilə Komitəyə müraciət edə bilərlər.