"Hazırlıq prosesində son yoxlama oyunumuzdur. Təbii ki, məğlubiyyətdən sonra futbolçularda ruh düşgünlüyü var idi

Unikal.org apasport.az saytına istinadən məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O, Latviya yığması ilə sabah keçiriləcək yoxlama oyunu barədə fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: "Amma hamı başa düşür ki, indi səhvlərimiz olarsa, bu məğlubiyyətlər bizi daha çox işləməyə məcbur edəcək. Gördüyünüz kimi, hər oyunda dəyişikliklər edirik ki, futbolçuların hamısının potensialına bələd olaq. Hamısını ayrı-ayrılıqda tanısam da, bir yerdə işləmək onları mənə daha yaxından tanıdır. Hansısa epizodda futbolçulardan narazı qalsam da, ümumilikdə onlardan razıyam. Çünki onların indi hansı hisslər keçirdiyini də bilirəm.

Qurbanov qeyd edib ki, 3 gün öncə Qazaxıstandan alınan 0:3 hesablı məğlubiyyət komandanın xeyrinə də ola bilər: "Təcrübəmiz göstərir ki, belə məğlubiyyətlər bəzən bizə kömək edir. İndi futbolçuların üzərinə çox getmək istəmirəm. Mövsümün sonudur və indiki məqamda istər-istəməz bacarıqlarından tam istifadə edə bilmirlər. Amma onlarla söhbətimiz oldu, hər biri peşəkardır. İstənilən halda, milli komandanın formasında meydana çıxırsansa, hər şeyi yaddan çıxmalı və özünü yaxşı tərəfdən göstərməyə çalışmalısan.

Qurbanov Astanadakı görüşün startından uduzduqlarını da bildirib: "Əvvəlki oyunda demək olar, ilk dəqiqələrdə məğlub olduq və bu dəfə həmin səhvləri etməməyə çalışacağıq. Bacardığımız qədər komandanı oyuna hazırlaya bilmişik və inanıram ki, onlar sabahkı qarşılaşmada özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar.