Xəbər verdiyimiz kimi, dünən Xətai rayonunda yerləşən marketlərin birindən oğurluq edilib. DİN mətbuat xidmətinin verdiyi məlumata görə, obyektə daxil olan naməlum şəxs oradan içərisində 3600 manat olan kassa aparatını oğurlayıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini İkram Quluzadə saxlanılıb. O, ifadəsində bundan başqa daha 3 marketdən də oğurluq və oğurluğa cəhd etdiyini etiraf edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisəni törədən İkram Quluzadənin törətdiyi son 3 ayda ikinci oğurluq cinayətidir. Məsələnin ən maraqlı tərəfi isə adıçəkilən şəxs bu ilin mart ayında İsrafil Bayramovla birlikdə Biləsuvar Poçt filialının Ağalıkənd şöbəsindən içərisində pul və sənədlər olan seyfi oğurladıqlarına görə Biləsuvar Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmasıdır. Tutulduqdan sonra onların elə həmin gün Ağalıkənd kəndində Zaur Məmmədova məxsus mağazadan 200 manat nağd pul, siqaret və danışıq kartları oğurladıqları da məlum olmuşdu. Belə olduqda sual yaranır ki, 3 ay öncə əlbir olan qrupun üzvləri oğurluğa görə saxlanıldıqdan sonra necə azadlığa çıxıb? Cinayəti törədən şəxsləri Bakıya gətirən səbəb nədir?

Bu fakt deməyə əsas verir ki, İkram Quluzadənin cinayətkar dəstə ilə oğurluq etdiyi halda məhkumluq həyatı sürməsi əvəzinə, azadlıqda gəzməsinin səbəbkarları Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarıdır. Biləsuvar rayon polis idarəsinin rəisinin cinayətkar şəxsi azadlığa nəyin müqabilində buraxması isə hər kəsdə təəccüb və sual doğurur. Əgər cinayət törətdiyini etiraf edən şəxs Biləsuvarda törətdiyi oğurluğa görə həbs edilsəydi, onun yolu paytaxtda qədər uzanmazdı.

Famil Fərhadoğlu