SON XƏBƏRLƏR
21 Iyun 2018
“Mənim dünyamın adaları”
MƏDƏNİYYƏT-ŞOU 17:08 / 13.06.2018
Press-reliz Balaca "Oyuq”çunun ilk fərdi sərgisi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki "Oyuq” teatr-studiyasının balaca istedadlı üzvü Fərran tamaşaçıları bu dəfə özünün rənglər dünyasına səyahətə səsləyəcək.

Teatrdan unikal.org-a verilən məlumata görə, 15-16 iyun tarixlərində Müasir İncəsənət Mərkəzində onun "Mənim dünyamın adaları” adlı ilk fərdi yaradıcılıq sərgisinin açılışı olacaq. 

Teatrla yanaşı Azərbaycan Rəssamlar İttifaqı və Birləşmiş Rəssamlar klubunun dəstəyi ilə reallaşacaq sərgidə balaca rəssamın plastlindən hazırladığı fiqurlar, müxtəlif mövzularda işlədiyi rəsm nümunələri yer alacaq. Sərgi dünyanı uşaqların rəngarlıq gözü ilə görüb göstərmək məramı daşıyır. Məlumat üçün deyək ki, 6 yaşlı Fərran "Oyuq” teatr-studiyasının ən fəal üzvlərindəndir. 

Türkiyədə doğulan Fərran məşhur opera ifaçısı, Əməkdar artist mərhum Firudin Mehdiyevin nəvəsidir. Musiqiçi ailəsində, incəsənətə bağlı insanların əhatəsində formalaşan balaca həmyerlimiz qardaş Türkiyədə də bir neçə dəfə yaradıcı təşkilatların sərgi və konsertlərində öz istedadını nümayiş etdirib. Bu sərginin təşkilində məqsəd azyaşlının gözü ilə dünyaya baxmaq, onun təbiət, ətraf aləm haqqında hisslərini ifadəsinə kömək etməkdir. Satış yarmarkasının da nəzərdə tutulduğu sərginin açılışında balaca rəssamın müharibələrə etiraz olan "Uğursuzluq adası” adlı mahnısına çəkilən klip də təqdim olunacaq.