Azərbaycan Bilyard İdman Federasiyasının prezidenti Emil Tağıyev Unikal.org-a müsahibəsində yeni bazanın tikilişindən, keçmiş rəhbərliyin səhvindən və xarici mütəxəssislərin milliyə cəlb olunmasından danışıb:

- Təxminən bir il bundan öncəyə qədər bilyard Azərbaycanda ancaq klublarda, salonlarda həvəskar şəkildə oynanılırdı. Nə milli komanda, nə də yarışlara göndərilən oyunçular vardı.

- İlk olaraq onu deyim ki, 2008-ci ilə qədər bilyard federasiyasının fəaliyyəti olub. Hətta 2008-ci ildə Bakıda Avropa çempionatı da keçirilib. Təəssüflər olsun ki, bilyard Federasiyasının idarəsi bir yoldaşa həvalə edilmişdi (söhbət Valeh Bədəlovdan gedir: red). Həmin şəxs də bu sahəyə diqqət göstərmədi. Onun idarəçiliyi olduğu 10 il ərzində federasiyada fəaliyyətsiz dövr yaşanıb. Bu iş bizə həvalə ediləndən sonra federasiyanın adını dəyişdik. Əvvəl Azərbaycan Respublikası Bilyard Federasiyası idi. Sonradan dəyişdirilərək Azərbaycan Bilyard İdman Federasiyası edildi. Sonra hər kəs ilə əlaqəli şəkildə işləməyə başladıq. İdmançılarla əlaqələr qurduq. Maraq yaradılması üçün yarışlar keçirdik. İlk olaraq fevral ayında ölkə çempionatı keçirdik. Bu çempionatı keçirməkdə əsas məqsədimiz idmançılarımızın sayını, onların xüsusiyyətlərini və keyfiyyətlərini öyrənmək idi. Həmin yarışa 60-dan çox idmançı qatılmışdı. İdmançılarda daha da maraq yarada bilmək üçün pul mükafatlarını artırdıq. Daha sonra o idmançılar arasında seleksiya keçirdik və 8 nəfərdən ibarət yığma komanda formalaşdırdıq.

- Qadınlardan ibarət milli komanda da var?

- Hazırda ancaq kişilərdən ibarət milli komandamız formalaşıb. Amma biz bununla bağlı müəyyən işlər görürük. Bizdə olan məlumata görə qadınlarımız da bilyarda böyük həvəs göstərir. Bildiyiniz kimi, bilyardın növləri var. Bilyardın "pul növü kiçik stollarda oynanılır. Elə bu növünü qadınlarımız daha çox oynayır. Pul növü üzrə də biz Azərbaycan çempionatı keçirməyi düşünürük.

- Nə vaxta planlaşdırılıb?

- Təxminən 1 ay və ya ay yarıma bu çempionatın da keçirilməsi planlaşdırılıb. Təbii ki, quruma müraciət edən xanımlar çoxdur.

- Məlumata görə, Valeh Bədəlovun prezidentliyi dövründə federasiyaya sponsorluq edən iş adamı İlham Aslanov olub. Hələ də onun maliyyə dəstəyi var?

- Hazırda federasiyanın prezidenti mənəm. Maliyyə məsələsinə gəldikdə, deyərdim ki, əksinə Valeh Bədəlov maliyyə məsələsini öz üzərinə götürmüşdü. Təəssüflər olsun ki, onu həyata keçirmədi. Hazırda İlham Aslanov vitse-prezidentdir. Bizim maliyyə məsələmizdə mənbələr müxtəlifdir. Həm dövlət tərəfindən müəyyən dəstək ayrılır, həm də bəzi iş adamları köməklik edir. Yəni bunu da biz sponsor kimi həyata keçiririk.

- Federasiya prezidenti olsanız da təəssüflər olsun ki, haqqınızda məlumat çox azdır.

- Özüm bu idman növünü çox sevirəm. 1996-cı ildən peşəkar olmasa da, həvəskar şəkildə bilyradla məşğul olmuşam. Elə həmin ildən bilyardla məşğul olan peşəkar bilyard oyunçuları ilə yaxşı əlaqələrim olub. Bizim baş katibimiz Azər Hacıyev də sonuncu ölkə çempionu olub. Onun rəhbərlikdə heç bir işi yox idi, sadəcə idmançı idi. Biz onun işgüzar xüsusiyyətlərini bəyənib, bu posta gətirdik. Onun beynəlxalq əlaqələrin qurulması və müəyyən işlərin görülməsində əməyi var.

- Siz gəldikdən sonra federasiyanın strukturu tamamilə yenilənib?

- Bəli, yeniləndi. Köhnələrdən İlham Aslanov vitse-prezident kimi çalışır, Şəmsi-Azadi Əliyev ABIF-in Rəyasət Heyətinin üzvi kimi fəaliyyət göstərir. Onların federasiyanın qurulmasında müəyyən işləri olub. Bu xüsusiyyətləri nəzərə alıb onlarla əlaqəni kəsməmişik. Bir haşiyəyə çıxım, iyunun 23-də 13-21 yaşlı bilyard oyunçuları arasında da yarış təşkil edəcəyik. Burada da əsas məqsədimiz gənclər arasında bir komanda formaşdırmaqdır. Əsas məqsədimiz isə idmançıları yetişdirib, beynəlxalq arenaya çıxarmaqdır.

- Federasiyaya məşqçilər təyin edilib?

- Bilyard sayəsində yüksək səviyyəli biliyi, bacarığı olan məşqçilər təyin olunacaq.

- Xaricdən mütəxəssis gətirməyi düşünürsüz?

- Bəli, xaricdən mütəxəssis cəlb etmək fikrimiz var. Hətta bununla bağlı danışıqlara da başlanılıb. Bu danışıqlardan biri Qazaxıstanda baş tutub. Həmçinin Qazaxıstanda olarkən bu ilin aprel ayında ABİF Beynəlxalq Piramida Konfederasiyası tərəfindən tanınaraq, həmin qurumun rəyasət heyətinin üzvü seçilib. Sevindiricidir ki, 13 ölkə arasında bizim də adımız vardı. Bu qurum tərəfindən də bizə müəyyən dəstək var. Biz bütün yarışları Gənclər və İdman Nazirliyi ilə razılşadırmaqla yanaşı, onların təqviminə uyğun planlaşdırırıq.

- Emil bəy, sizinlə bağlı müəyyən araşdırmalar etdik. Sizin iş adamı, şirkət rəhbəri olduğunuz deyilir.

- Bəli elədir. Amma yenə də deyirəm, mən öz mənbələrimin bir neçə faizini istifadə edirəmsə, əksər hallarda sponsor olan şirkətlərin dəstəyi var. Belə ki, maddi dəstək qarşılığında biz onları reklam edirik. Bizim işlərimiz yaxşı işgüzar münasibətlər əsasında qurulub. Bu bizim gündəmimizin əsasıdır, hansısa bir dəstək və onun müqabilində reklam ...

- Bölgələrdə təbliğat aparılırmı?

- Əlbəttə. Hətta deyərdim bizim millinin iki üzvü Gəncədə yaşayır. Həmçinin yarışların keçirilərkən bizə bölgələrdən də idmançılar qatılır.

- Bəs köhnə federasiyanın yerləşdiyi məkan və orada çalışanlarla heç bir əlaqə yoxdur? Bildiyim qədəri ilə bilyard klubu olaraq fəaliyyət göstərirlər. Hazırki federasiyanın ünvanı haradır?

- Xeyir, onlara əlaqəmiz yoxdur. Rəhbərliyin ofisi Nizami metrosuna yaxındır. Yaxın zamanda millinin məşqləri üçün yeni baza tikililib, idmançılarımızın istifadəsinə veriləcək. Hazırda şəhərin hansı hissəsində baza tikməyi planlaşdırdığımız barədə məlumat verə bilmərəm.

Aygün İlqarqızı