Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Unikal.org-un  məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən Ş. Əkbərovun vəkili vəsatət qaldırıb. 

Vəkil A. Alışanovun məhkəmədə ifadə verənə qədər prosesin təxirə salınmasını istəyib. 

Zərərçəkmiş A. Alışanovun vəkili Zaur isə hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmədə dindirilməsinə zərurət olmadığını deyib. Onun sözlərinə görə, A. Alışanov istintaqda da bu barədə geniş ifadə verib. 

Məhkəmə verilən vəsatəti baxılmamış saxlayıb. 

Sonra təqsirləndirilən şəxs Ş. Əkbərov vəsatətlə çıxış edərək, məhkəmə tərkibinə etiraz edib. 

Məhkəmə verilən vəsatəti əsaslar olmadığından baxılmamış saxlayıb. 

Proses iyunun 29-da davam etdiriləcək. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.