Gürcüstan parlamenti bugünkü növbədənkənar iclasında yeni baş nazir Mamuka Baxtadze və hökumətə etimad göstərib.

Unikal.org xəbər verir ki, iqtidardakı "Gürcüstan Arzusu - Demokratik Gürcüstan partiyası yeni baş nazir olaraq 36 yaşlı sabiq maliyyə naziri Mamuka Baxtadzenin namizədliyini irəli sürmüşdü.

Əvvəlki hökumətdən fərqli olaraq yeni hökumətdə iqtisadiyyat və davamlı inkişaf, xarici işlər və maliyyə naziri dəyişib.

Qonşu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Giorgi Çerkezişvili, xarici işlər naziri vəzifəsinə David Zalkaliani, maliyyə naziri vəzifəsinə isə Nikoloz Qaqua təsdiq olunub.

Parlamentin etimad göstərdiyi hökumət müvəqqəti hökumət hesab olunur. Belə ki, ölkə qanunvericiliyinə ediləcək müvafiq düzəlişlərdən sonra nazirliklərin sayı 14-dən 11-dək azaldılacaq.

Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Giorgi Kvirikaşvili iyunun 13-də istefa verib. İyunun 14-də parlament çoxluğu maliyyə naziri M. Baxtadzenin baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.