Nərimanov rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, təxminən 50-55 yaşlı, şəxsiyyəti məlum olmayan kişi "Bağırov körpüsü" kimi tanınan körpünün altında, nəqliyyat vasitələrinin sürət həddinin saatda 90 km olduğu yerdən bir neçə dəfə yolu keçərək avtomobillərə mane olub. Sürücülər bu hərəkətinə görə ona bir neçə dəfə irad tutub. Buna baxmayaraq, həmin şəxs yolun digər tərəfinə yenidən keçərkən onu 1944-cü il təvəllüdlü Əliyev Tofiq Mahmud oğlunun idarə etdiyi 90-VA-050 dövlət qeydiyyat nişanlı "Ford Edge" markalı avtomobil vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Qəza ilə bağlı prospektdə sıxlıq yaranıb.

Hadisə yerinə Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mahmud Abdullayev və Nərimanov RPİ-nin əməkdaşları cəlb edilib. Ərazidə avtotexniki ekspertiza təyin edilib. İlkin ehtimala görə, piyada sərxoş olub.

Qəzanı törədən avtomobil cərimə meydançasına yerləşdirilib, sürücü isə saxlanılıb.