Məscidin vəziyyəti ilə yaxından tanış olan icra başçısına məlumat verilib ki, Abşerondakı tarixi abidələrdən biri də Masazır Cümə məscididir. 16-cı əsrdə inşa edilmiş bu abidə sovet hakimiyyəti dövründə müxtəlif məqsədlər üçün istifadə olunub. Sonuncu dəfə isə məscid 1988-ci ildə təmir olunub.

Unikal.org xəbər verir ki, Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova məscidin əsaslı şəkildə yenidən təmiri ilə əlaqədar müvafiq təşkilatlara göstəriş verib.

Bildirilib ki, tezliklə təmirlə bağlı layihə-smeta sənədləri hazırlanacaq. Təmir işləri zamanı məscidin ilkin görünüşünə xələl gətirməmək üçün bu işə mütəxəssislər cəlb ediləcək.

Sonra rayon rəhbəri İradə Gülməmmədova Masazırda Şəhidlər abidə kompleksi və şəhidlər parkının salınması üçün tapşırığını verib.

Şəhid ailələrinin üzvləri də Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğulların xatirəsinə göstərilən diqqət və sayğıya görə dövlət başçısına və onun yerlərdəki nümayəndələrinə öz minnətdarlıqlarını ifadə edərək razılıqlarını bildiriblər.